Çin Xalq Respublikasının paytaxtı Pekində IX Beynəlxalq film festivalı keçirilib. Festival çərçivəsində Dünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “Film və müəlliflik hüququ: imkanlar və çətinliklər” mövzusunda beynəlxalq forum da təşkil olunub.
Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, forumda agentliyin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli də iştirak edib.
Beynəlxalq forumda “Film və müəlliflik hüququ: hüquqi prinsiplərdən istehlakçılara qədər”, “Film və mədəniyyət: filmlər mədəni müxtəlifliyin səfirləri kimi – siyasi yanaşmalar və strategiyalar”, “Film və kreativ sənaye: film və televiziya sənayesinin çətinlikləri və imkanları”, “Kreativ sənayelərin inkişafının təşviq edilməsi: ən yaxşı təcrübələr və biznes modellərinin yaradılması” və s. mövzular ətrafında çıxışlar və təqdimatlar olub. Həmçinin Pekin beynəlxalq film festivalı və beynəlxalq müəlliflik hüququ ticarət sərgisinə, o cümlədən “IQIYI Technology” və “Tencent Technology” şirkətlərinə səfərlər təşkil edilib.
Tədbirin əsas məqsədlərindən biri “Audiovizual ifalara dair Pekin müqaviləsi”nin hüquqi prinsipləri haqqında üzv dövlətlərin nümayəndələrinə daha çox məlumat vermək, rəqəmli şəbəkələrdə audiovizual ifaların qorunması üzrə yeni beynəlxalq normaların tətbiqinin bu sahədə çalışan şəxslərin hüquqlarının qorunması və iqtisadi fayda əldə etmələrinin təbliğ edilməsi olub.
Qeyd edək ki, “Audiovizual ifalara dair Pekin müqaviləsi” 2012-ci il iyunun 24-də qəbul edilib. Müqavilənin qüvvəyə minməsi üçün 30 dövlət tərəfindən ratifikasiya edilməsi və ya qoşulması tələb olunur. Hazırda belə dövlətlərin sayı 26-dır. Pekin müqaviləsinin qüvvəyə minməsi ilə audiovizual ifaların qorunması sahəsində yeni beynəlxalq normaların tətbiqinə başlanılacaq.