Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının daha iki tədbiri aprelin 25-də Xaçmazda, aprelin 26-da isə Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşib.
Xaçmaz şəhərindəki Heydər Əliyev adına parkda nazirliyin regional mədəniyyət idarələri üzrə nümayəndələrinin iştirakı ilə keçirilən festival sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbir iştirakçıları Qusar Dövlət Ləzgi Dram Teatrının “Diyar” nənələr qrupunun təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq və başqa bu kimi ənənəvi məişət işlərini əks etdirən təqdimatları izləyiblər. Xaçmaz və Şabran xalq teatrlarının hazırladığı ədəbi-bədii kompozisiyalar festivalın zəngin proqramına əlavə rəng qatıb. “Xınayaxdı” folklor kollektivinin ifasında rəqs nümunələri mədəniyyət bayramında iştirak edənlərin zövqünü oxşayıb.
Heydər Əliyev adına parkda regional mədəniyyət idarələrinin çadır-guşələri qurulub, şəhər və rayonların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənət nümunələri təqdim olunub.
Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bölgələrimizin mədəni irsi Abşeronda nümayiş olundu
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində (Sumqayıt Regional Mədəniyyət İdarəsi) keçirildi. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin nümayiş etdirdiyi əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxdılar, folklor və musiqi qruplarının çıxışlarını dinlədilər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və süjetli xalçanın nümayişi, dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında “Sumqayıt”, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyaları, keçədən əl işləri qonaqların xüsusi marağına səbəb oldu.
Festivalda balaca ziyarətçilərin də maraqları nəzərə alınmışdı. “Günəşim” və “Cırtdan” kukla teatrlarının hazırladıqları tamaşalar, “Dostluq” Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və ayı”nın personajları uşaqların zövqünü oxşadı. Həmçinin festivalda “Nəsimi ili” ilə əlaqədar kitab guşəsi qurulmuşdu.
Zəngilan rayonunun folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı, bir neçə musiqi məktəbinin sazçalanlar ansamblı və rəqs kollektivlərinin çıxışı festivala xüsusi rəng qatdı. Fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilmişdi. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb etdi.
Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdən öncə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı barədə məlumat verildi. Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına dövlət tərəfindən qayğı göstərildiyi vurğulandı. Bildirildi ki, bu layihənin həyata keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq fürsəti yaradır.
Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Tədbir iştirakçısı İsmayıl Həsənov festivalın insanlarda xoş ovqat yaratdığını qeyd etdi. Bildirdi ki, festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanışlığa vəsilə olur.
Xırdalan şəhər sakini Zərifə Ağayeva tədbirə nəvələri ilə gəldiyini dedi: “Burada balacalar üçün nümayiş olunan səhnəciklər, müxtəlif personajlar onların diqqətini cəlb edir. Bu festival həm uşaqların, həm də böyüklərin marağına səbəb olur”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına may ayının sonunda yekun vurulacaq.
Fariz HÜSEYNOV