Forum çərçivəsində keçirilən sessiyalardan biri də “Yeni vasitələr və metodlar tətbiq etməklə gənclərin fərqlilikləri arasında körpünün qurulması: təcrübələrə əsaslanan hekayələr” mövzusuna həsr edilib.
Sessiyaya moderatorluq edən UNESCO-nun Mədəniyyətlərarası dialoq proqramı üzrə mütəxəssisi Coysi Monteyro qeyd edib ki, bu dialoq olduqca dünya gəncləri arasında fərqliliyi üzə çıxarır. Gənclər müxtəlif bacarıqları bir-birilərinə aşılayır. İnsanlar müxtəlif şəraitlərdə yaşamağı bacarmalıdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova bildirib ki, rəhbərlik etdiyi qurum gənclər arasında multikultural dəyərlərin təbliği işini həyata keçirir, Avropadakı donorlarla birlikdə layihələr həyata keçirir. Azərbaycandakı tolerantlıqdan danışan təşkilat sədri vurğulayıb ki, ölkəmizdə müsəlman, xristian, yəhudi gənclər birlikdə fəaliyyət göstərirlər. Azərbaycan Ermənistanla münaqişə vəziyyətində olsa da, bu gün Bakıda erməni kilsəsi mövcuddur. Bu, Azərbaycanın fərqli mədəniyyətlərə və dinlərə dəyər verdiyini göstərir.
Anna Lind Fondunun nümayəndəsi Elyanora İnsalako qeyd edib ki, paneldə əsasən gənc xanımların iştirakı təqdirəlayiqdir. Bildirib ki, təmsil etdiyi fond dünyanın müxtəlif yerlərində, xüsusilə də Aralıq dənizi hövzəsi ölkələrində geniş fəaliyyət göstərir. Hazırda qurum “Gənclərin səsi” layihəsi üzərində çalışır. Bu layihənin məqsədi gənclərdə liderlik bacarığının artırılması və debat aparmaq imkanlarının inkişaf etdirilməsidir.
Sonra ABŞ-ın Dyuk Universitetinin professoru Darla Duadorfun videoçıxışı yayımlanıb. O, mədəniyyətlərarası dialoqun, gənclər arasında əlaqələrin əhəmiyyətini qeyd edib. Bildirib ki, UNESCO-nun reallaşdırdığı layihələr dünya gəncləri arasında əməkdaşlığı gücləndirir.
Kosta-Rika Aborigen Fondunun üzvü Lusyana Batala Bun bildirib ki, UNESCO-nun müvafiq layihəsi sayəsində ölkəsində gənclərin görüşü təşkil edilib. Bu görüşün çox faydalı nəticələri olub.
Frans Jonas Avropa Tədris Mərkəzinin müəllimi Anna Mariya Hase deyib ki, o, Avstriyanın paytaxtı Vyana ətrafında bir məktəbdə çalışır. Məktəbdə fərqli ailələrdən olan uşaqlarla təmasda olduğunu deyən müəllim bu fərqlilikdən bəhs edib.
İnsan Hüquqları üzrə Ərəb İnstitutunun təlimçisi Yasmin Vertani də diqqəti UNESCO-nun gənclər arasında dialoqun qurulmasına imkan verən layihələrinə yönəldib. Qeyd edib ki, gənclərin bir-birinə yaxınlaşması imkanını yaradan bu layihələr, eyni zamanda, onların üzərindəki psixoloji gərginliyin aradan qaldırılmasına imkan verir.
Sessiya müzakirələrlə davam edib.