Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mayın 2-də keçirilən növbəti xatirə tədbiri ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyinə həsr edilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açıb.
Sonra Xalq çalğı alətləri şöbəsinin müdiri Təranə Zeynalova Hacıbaba Hüseynovun yaradıcılıq yolu, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında danışıb. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Xalq artisti, tarzən Vamiq Məmmədəliyev, Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev, Hacıbaba Hüseynovun yetirməsi olan xanəndə Saleh Novruzlu çıxışlarında sənətkarın musiqi tariximizdə yerindən, muğam ifaçılıq sənəti ənənələrinin yaşadılmasında rolundan bəhs ediblər, məşhur xanəndələr nəslinin yetişdirilməsində səmərəli pedaqoji fəaliyyəti barədə danışıblar.
Bədii hissədə Vamiq Məmmədəliyev (tar), Mirnazim Əsədullayev (kamança), muzeyin Qədim musiqi alətləri ansamblı və solist – Əməkdar artist Nuriyyə Hüseynova və xanəndələr Saleh Novruzlu, Hüseyn Məlikovun ifalarında konsert proqramı təqdim olunub. Görkəmli sənətkarın yaradıcılıq yolundan bəhs edən “Ocaq başı” sənədli filmindən parçalar nümayiş etdirilib.
Sonda Hacıbaba Hüseynovun bacısı oğlu, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə ailəsi adından çıxış edərək tədbirin təşkilinə görə muzeyə təşəkkürünü bildirib.
SAVALAN