Özbəkistanın “Dunyo Boylab” telekanalında Azərbaycanın İsmayıllı, Qəbələ, Şəki şəhərləri və buradakı qədim abidələr haqqında veriliş yayımlanıb.
Veriliş Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bu ölkə jurnalistlərinin Azərbaycana təşkil etdiyi mediatur çərçivəsində hazırlanıb.
Jurnalist Gulsara Soatxovanın müəllifi olduğu verilişdə İsmayıllı rayonunun ərazisi, əhalisi, gəzməli yerləri, tarixi abidələri haqqında geniş məlumat verilir.
Verilişdə qədim Qəbələ haqqında da söhbət açılıb. Bildirilib ki, Qəbələ eramızın ilk illərində Qafqaz Albaniyasının paytaxtı olub.
Jurnalist verilişdə Şəki şəhərindəki XVII əsrdə tikilən Yuxarı karvansara, unikal memarlıq abidəsi olan Şəki Xan sarayı, şəhərin yaxınlığında yerləşən Kiş kəndi, oradakı eramızın I əsrinə aid olan ibadətxana haqqında ətraflı məlumat verib.