Mayın 2-də Bakı Konqres Mərkəzində V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılışı keçirildi.
Sərgidə UNESCO-nun təşkilatçılığı ilə gerçəkləşən müsabiqəyə təqdim edilmiş fotolar nümayiş olunur.
Mərasimdə çıxış edən UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Azərbaycanın tarixi İpək Yolunun ürəyi olduğunu və sərginin Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi.
Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Anar Kərimov çıxış edərək Forum çərçivəsində belə bir sərginin təşkil olunmasının əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, sərgidə İpək Yolu üzərində yerləşən ölkələr, orada yaşayan insanların həyat tərzi haqqında əyani təsəvvür yaranır.
Daha sonra çıxış edən müsabiqənin fəxri məsləhətçisi, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti İpək Yolu ölkələrindən olan gənc fotoqrafların çəkdikləri fotolar barədə danışdı. Bildirdi ki, geniş bir coğrafiyada yerləşən ərazidə xalqlar, ölkələr arasında mədəniyyət, ənənə fərqliliyi olsa da, bu sərgidə bütöv dünya sakinlərinin gözəlliyi əks olunub. Rza Diqqəti hər kəsə sülh və savaşsız həyat arzuladı.
Daha sonra müxtəlif ölkələrdən gələn qonaqlar sərgilənən fotoşəkillərlə yaxından tanış oldular.
FARİZ