Forum çərçivəsində Nazirlərin yüksək səviyyəli görüşü keçirilib

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Nazirlərin yüksək səviyyəli görüşü keçirilib. “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusuna həsr edilən görüşdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması və digər mühüm mövzularda çıxışlar dinlənilib.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə Forumun tarixi əhəmiyyətindən söz açılıb.

Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında əsas platforma kimi qeyd olunub. Ötən müddət ərzində Forumun mövzusu xeyli dəyişib və budəfəki tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə edir: “Biz təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da dialoqların qurulmasına çalışırıq. İnanırıq ki, mədəniyyətlərarası dialoqa öz töhfəmizi verə bilirik. Keçirdiyimiz görüşlər təcrübə mübadiləsi və yeni təşəbbüslər üçün münbit zəmindir”.

Mədəniyyətlərarası dialoqun müasir dövrün zəruri çağırışı olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədi güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Əbülfəs Qarayev hər kəsi müzakirələrdə iştiraka dəvət edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, mədəniyyət hər bir millətin tarixidir. Bu və ya digər cəmiyyətin quruluşunu öyrənmək üçün onun mədəni irsinin elementlərinə diqqət yetirmək lazımdır. Foruma töhfə vermək üçün birgə əməkdaşlığın önəmini vurğulayan Ali nümayəndə burada müzakirə olunan məsələlərin müasir dünyanın qorunması baxımından önəm daşıdığını deyib.

Forumun Şərqlə Qərb arasında yeni körpülər yaratdığını söyləyən Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirib. O, dünyanın 130-dan çox ölkəsində icra etdikləri “Mədəniyyətlərarası şəhərlər şəbəkəsi” layihəsindən söz açıb.

İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri belə bir mötəbər tədbirə dəstək verdiyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, artıq beşinci dəfə keçirilən bu Forumun coğrafiyası çox genişlənib: “Biz uzun illər əl-ələ verərək Forumu dünyanın ən vacib tədbirlərindən birinə çevirdik və siyasi liderləri bu aktual mövzu ətrafında toplaya bildik. Dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri humanitar, sülhsevər qüvvələr bir yerdə müzakirə etməlidir. Müharibə, zorakılıq münaqişələrin həll yolu deyil. Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu yolla münaqişələrin qarşısını ala bilərik”.

İSESCO-nun Baş katibi son illər terrorizmi İslam dini ilə əlaqələndirmək kimi yersiz fikirlərə də münasibət bildirib. Qeyd edib ki, İslah sülh, bərabərlik, qarşılıqlı hörmət və insanlığa xidmət edən bir dindir.

 

Mədəniyyət insanları dialoqa kökləyə bilər

 

Uruqvayın Xarici işlər naziri Rodolfo Nin Novoa mədəniyyətlərarası dialoqun sülhü irəliyə doğru aparan bir vasitə olduğunu bildirib. Vurğulayıb ki, bu dialoq bəşər tarixinin anlaşılmasına, müxtəlif ölkələr arasında yaxınlaşmaya xidmət edir: “Musiqinin, mədəniyyətin dili insanları dialoqa kökləyə bilər. Biz bunun sayəsində güclü əlaqələr qura və dəstəyə nail ola bilərik. Bu, xalqların rifahı üçün lazımdır”.

Sülhün bərqərar olması üçün Dünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük önəm daşıdığını söyləyən Qana Respublikasının Xarici işlər naziri Şirli Botçvey  deyib ki, ölkəsi buradakı müzakirələrə töhfə vermək istəyir. Nazir Qanada insanlar, dinlər arasında mövcud olan həmrəylikdən, müxtəlifliyə verilən dəyərlərdən də söz açıb.

İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkaman Forumun işini yüksək dəyərləndirib. Bildirib ki, müasir dünyada kamil insan yetişdirmək üçün xalqların sülh içində yaşaması zəruridir: “Heç vaxt dünyamız indiki qədər ədalətsizlikdən və qanunsuzluqdan əziyyət çəkməyib. Bu səbəbdən də dünyanın sülhə və sabitliyə böyük ehtiyacı var”.

Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç deyib ki, bu cür dialoq vasitəsilə sülhə, insan təhlükəsizliyinə nail ola bilərik. Ölkəsinin Azərbaycanla geniş əməkdaşlıq qurmaqda maraqlı olduğunu söyləyən nazir bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Forumun dünyada sülhün bərqərar olmasına mühüm töhfələr verdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi TÜRKSOY-un fəaliyyət proqramına yeni bir stimul verib. Təşkilat böyük Azərbaycan şairinin həyat və yaradıcılığının tanıdılması və təbliği məqsədilə təşkil olunacaq tədbirlərə geniş yer ayırıb.

Forumun qloballaşma prosesində anlaşmaya təkan verdiyini söyləyən Küveyt Dövlətinin İnformasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullah Aljabri deyib ki, mədəniyyətlərarası dialoq günümüzün zərurətidir. Bütün ölkələrin, etnik qrupların mədəniyyətləri bəşəriyyətin irsidir.

Sonra görüşdə iştirak edən Qambiyanın Xarici işlər naziri Mamadou Tanqara, Əlcəzairin Mədəniyyət naziri Meriem Merdaci, Myanmanın Təhsil naziri Myo Thein Gyi, Qırğızıstanın Mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi, TÜRKPA-nın nümayəndəsi Sadık Şer-Niyaz və başqalarının çıxışları dinlənilib.

Geniş fikir mübadiləsinin aparıldığı Nazirlər görüşünə yekun vuran Əbülfəs Qarayev bildirib ki, mayın 3-də davam edən tədbirdə aktual mövzuları özündə əks etdirən məruzələr təqdim olunacaq.

L.ƏLƏKBƏROVA