Oktyabrın 6-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın dövlət xadimi, milli müstəqilliyimiz uğrunda fədakar mübariz Əlimərdan bəy Topçubaşovun həyatı və siyasi fəaliyyətindən bəhs edən “Parisdən məktublar” qısametrajlı sənədli film nümayiş etdirilib.
Nümayişdən öncə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək filmin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun əziz xatirəsinə həsr olunduğunu, ötən il görkəmli dövlət xadiminin 150 illiyinin təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Cümhuriyyətin süqutundan sonra Fransada yaşayan Topçubaşov 1934-cü ildə Parisdə vəfat edib və Sen-Klu qəbiristanlığında dəfn olunub.
Sonda səfir uzun illər Fransada diplomat kimi fəaliyyət göstərən və azərbaycanlı mühacirlərin tapılıb üzə çıxardılmasında xüsusi əməyi olan filmin məsləhətçisi Ramiz Abutalıbova, rejissor Tahir Əliyevə və ekran əsərinin ssenari müəllifi, tanınmış publisist İntiqam Qasımzadəyə belə dəyərli ekran əsərini ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Ramiz Abutalıbov yaradıcı kollektiv adından iştirakçıları salamlayıb, Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəylə yaxından dostluq etdiyini xatırladıb.
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Ələkbər bəy Topçubaşovun tələbəsi olmuş Aleksandr Nikolski müəllimi barədə xatirələrini bölüşüb. Sonda film nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar