Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib.

Türk Şurasının baş katibi Bağdad Amreyev ötən toplantıdan sonra görülən işlər barədə məlumat verib.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Eyni zamanda televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməlidir. Əli Həsənov çıxışında Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişlərinin Türk Şurasına üzv dövlətlərdə, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişlərinin Azərbaycanda yayımlanması təklifini səsləndirib. Qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunsa da, təəssüf ki, hələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi gündəlikdədir. “TRT Avaz” kanalı bu mənada müzakirə obyektidir.

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir.

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova da Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlı olduqlarını deyib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış bildirib ki, 2009-cu ildə yaradılan “TRT Avaz” kanalı türk xalqlarına aid mədəniyyətin və tarixin dünyaya çatdırılmasında mühüm işlər görür. Bu işlərin gücləndirilməsi üçün türk dünyasının dəstəyi artırılmalıdır.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxışlardan sonra ortaq türk kanalı ilə bağlı məsələyə bir daha qayıdaraq qeyd edib ki, “TRT Avaz”ın tərkibində belə bir kanalın yaradılması məsələsi dövlət başçılarının qərarından asılıdır. O, “Euronews” nümunəsini misal çəkərək deyib ki, bu kanalda müxtəlif dövlətlərin səhmləri var.

Toplantının sonunda milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanıb.