Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə martın 28-dən davam edən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanları Azərbaycanın cənub regionu – dağlar diyarı, uzunömürlülər məskəni Lerik və səfalı, füsunkar guşələri ilə məşhur Masallı olub.
Mayın 2-də Lerik rayon mərkəzindəki Heydər Əliyev meydanında gerçəkləşən tədbirdə rayon rəhbərliyi, nazirliyin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, çoxsaylı yerli sakinlər iştirak ediblər. Əvvəlcə festivalın sərgi hissəsinə baxış keçirilib. Regional idarələrin çadır-guşələrində bölgələrimizin zəngin mədəni irsi, sənətkarlıq nümunələri nümayiş olunub.
Sərgilərdə misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, müxtəlif materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma, dulusçuluq və digər sənət nümunələri yer alıb. Ənənəvi festivalda xalq sənətkarları və rəssamların əl işlərini əyani şəkildə nümayiş etdirməsi izləyicilərin xüsusi marağına səbəb olub. Xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.
Festival Lerik rayon Mədəniyyət Mərkəzinin “Bahar” xalq çalğı alətləri ansamblı, Mondigah kənd Folklor evinin oğlanlardan ibarət “Lakto” folklor rəqs qrupu, Cəngəmiran kənd Diyarşünaslıq evinin qızlardan ibarət “Bənövşə” folklor kollektivinin çıxışları ilə davam edib.
Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların əsərlərindən ibarət kitab guşəsi də qurulub. Nəsimi obrazı canlandırılaraq qiraət ustalarının ifasında ədibin “Mərhəba” və “Olmuşam” qəzəlləri səsləndirilib.
Festivalda uzunömürlülər diyarının 12 nəfər qocaman sakini də iştirak edib. Rayon rəhbərliyi onlarla çay süfrəsi arxasında səmimi söhbət edib, hədiyyələr təqdim olunub.
Tədbirin rəsmi hissəsində rayonun icra başçısı Rövşən Bağırov çıxış edərək festivalın qonaqlarını salamlayıb, bu layihənin əhəmiyyətindən söz açıb. Sonra icra başçısı Lerik rayonunun mədəni həyatında aktiv olan mədəniyyət işçilərini mükafatlandırıb.
Yaradıcılıq festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər alqışlarla qarşılanıb.
* * *
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının mayın 3-də Masallı rayonunda gerçəkləşən tədbiri də rəngli görüntülərlə yadda qalıb.
Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq meydanından start götürən yürüş “ASAN Xidmət” Mərkəzinin qarşısında başa çatıb.
Sonra iştirakçılar “ASAN xidmət” Mərkəzinin qarşısında qurulan regional mədəniyyət idarələrinin sərgi çadırları ilə tanış olublar. Bölgələrimizin özünəməxsus sənətkarlığını, mədəni irsini nümayiş etdirən sərgilər böyük maraq doğurub. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.
Festivalın bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, o cümlədən Masallının “Halay” folklor kollektivinin bir-birindən maraqlı rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qonaqlara cənub kulinariyasının ləziz təamları da təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin yaradan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı mayın sonunadək davam edəcək.