UNESCO dünyada yeganə təşkilatdır ki, onun milli komissiyaları var. Bu, böyük bir ailə şəbəkəsidir. Milli komissiyalar müxtəlif regional və qlobal tədbirlərin keçirilməsində xüsusi rol oynayır. Azərbaycan Milli Komissiyası da bu istiqamətdə UNESCO-nun layihələrində fəal iştirak edir.

Bu fikri Bakı Forumu çərçivəsində keçirilən “UNESCO üzrə milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu” mövzulu sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov deyib. Baş katib UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1994-cü ildə yaradılmasından və fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığının inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır.

E.Sultanov Azərbaycandakı multikultural, tolerant mühit barədə də məlumat verərək müxtəlif dinlərin, millətlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində yaşadığını qeyd edib, bunun mədəniyyətlərarası dialoqun qurulması üçün əsas olduğunu vurğulayıb.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Bakıya ilk səfərini 1996-cı ildə etdiyini bildirib və o vaxtdan indiyədək Azərbaycanda baş vermiş inkişafın təkcə iqtisadiyyat və infrastruktur sahələrində deyil, mədəniyyət sahəsində də özünü göstərdiyini vurğulayıb. Baş direktorun müavini 11 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlayan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun inkişafında rolunu qeyd edib.

Sessiyanın moderatoru – UNESCO-nun Mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis Azərbaycan hökuməti tərəfindən builki Foruma dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində çoxsaylı peşəkar mütəxəssislərin dəvət edilməsinin təqdirəlayiq olduğunu deyib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov UNESCO üzrə milli komissiyaların və təşkilat yanındakı daimi nümayəndəliklərin türkdilli dövlətlərin qurumları ilə əməkdaşlığının genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, dünyada sülhün və bərabərliyin, qarşılıqlı etimadın, anlaşmanın əldə olunmasında Bakı Forumunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov mədəniyyətlərarası dialoqun inkişafında gənclərin rolunu vurğulayıb. Koreya Milli Komissiyasının nümayəndəsi Kvi-Bae Kim milli komissiyaların mədəniyyətlərarası dialoqun inkişafına töhfələrindən söz açıb.