V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci iş günü keçirilən sessiya və panel iclasları barədə ötən sayımızda məlumat vermişdik. Forumun ikinci iş günü (3 may) bu tədbirlər sarıdan xüsusilə zəngin oldu.
Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi
BMT Sülh Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov çıxış etdi. Qoşulmama Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə 2018-ci il dekabrın 12-də BMT Baş Assambleyasının “24 aprel – Çoxtərəflilik və sülh naminə diplomatiya Beynəlxalq günü” adlı qətnamənin qəbul edildiyini bildirən nazir bu qətnamənin həmmüəllifləri sırasında Azərbaycanın da yer aldığını diqqətə çatdırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verən nazir Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətin ümumilikdə regionda davamlı sülhə və inkişafa təhlükə törətdiyini vurğuladı. Bildirildi ki, regionda davamlı sülhə nail olmaq üçün işğala son qoyulması, Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtması vacibdir.
Daha sonra UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena Bakı Forumunun əhəmiyyətindən danışaraq bildirdilər ki, Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi bizim gələcək fəaliyyətimizin təkmilləşdirilməsi baxımından önəmlidir.
Açılış çıxışlarından sonra sessiya işini davam etdirdi. Müzakirələrdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik idarəsinin rəisi vəzifələrini icra edən Kamil Xasıyev, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin diplomatiya elmləri üzrə Şahzadə Saud Əl Faysal İnstitutunun baş direktoru Abdullah Həməd Əl-Salamah, Abat Oliba CEU Universitetində UNESCO kafedrasının müdiri Karmen Parra Rodrigez və başqalarının məruzləri dinlənildi.
Gənclərin məşğulluğu və peşə təhsilində ayrı-seçkiliyə qarşı
Növbəti sessiyada “Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar” mövzusu müzakirə edildi.
BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçirilən sessiyanın moderatoru, sözügedən idarənin nümayəndəsi Sevil Əlirzayeva gənclərin peşə təhsili və innovativ yanaşmalara münasibəti istiqamətində həyata keçirdikləri layihələrdən danışdı. Diqqətə çatdırdı ki, BMT-nin Terrorla Mübarizə İdarəsi gənclərin məşğulluğunun təmin olunması, eləcə də ayrı-seçkiliyə, terrora qarşı mübarizə istiqamətində qlobal və regional layihələr həyata keçirmək üçün tərəfdaş ölkələrlə mütəmadi əməkdaşlıq edir.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad mövzu ilə bağlı fikirlərini bölüşdülər. Dünyada gənclərin peşə təhsilinin inkişafı və terrorizmlə mübarizə baxımından belə forumların əhəmiyyəti qeyd edildi.
Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi
Bu mövzuya həsr olunmuş sessiyanın moderatoru – Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin direktoru, professor Mayk Hardi müasir dövrdə miqrasiyanın qlobal miqyaslı prosesə çevrildiyini vurğuladı. Bildirdi ki, miqrantlar və mühacirlər köç etdikləri cəmiyyətlərə yeni ideya və düşüncələrin daşıyıcıları olmaları baxımından müsbət bir funksiya həyata keçirirlər. Buna görə də mədəniyyətlərarası dialoq prosesində miqrasiya müsbət bir tendensiya kimi də nəzərdən keçirilməlidir.
Sessiyada Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodziç, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, İtaliya parlamentinin üzvü Maurizio Lupi, Türkiyənin Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin prezidenti Akkan Suver, Afrika Miqrasiya və İnkişaf Siyasəti Mərkəzində Tədqiqat və Məlumat Mərkəzinin direktoru xanım Linda Ouço, Koventri Universitetinin layihə rəhbəri xanım Heven Kroli və başqaları çıxış etdilər.
Bildirildi ki, hazırda dünyada 65 milyon miqrant var, onların 25 milyonu qaçqınlardır. Vurğulandı ki, bu gün dünyada ən çox qaçqın qəbul edən ölkə Türkiyədir. Rəsmi məlumatlara əsasən, Türkiyə 3 milyon suriyalı ilə yanaşı, digər ölkələrdən də 400 min insan qəbul edib. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Dünya ictimaiyyəti hələ də bu ədalətsizliyə qəti fikir bildirməyib. Vurğulandı ki, miqrasiyanın inkişafına ölkələr arasındakı bərabərsizliklər və siyasi münaqişələr daha çox təsir edir və bu prosesin qarşısını almaq üçün sosial bərabərsizliklər aradan qaldırılmalı, hər kəs üçün bərabər imkanlar yaradılmalı, beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
Çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti
Forumda “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzulu sessiya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil edilmişdi.
Sessiyanın moderatoru – Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov ilk olaraq Azərbaycandakı multikultural mühit barədə danışdı.
Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu bildirərək qeyd etdi ki, ölkəmizdə dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez və başqaları çıxışları zamanı diqqətə çatdırdılar ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.