Mayın 7-də Azərbaycan Xalça Muzeyində Şuşa və Laçın rayonlarının işğalının ildönümlərinə həsr olunmuş “Həsrət” adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Xalça Muzeyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bildirib ki, Şuşanın işğalının 27-ci ildönümü ərəfəsində belə bir tədbirin Azərbaycan Xalça Muzeyində təşkil olunması təsadüfi deyil. Çünki burada yerləşən Şuşa filialının ekspozisiyasında Şuşada toxunan xalçalar yer alır. Bu xalçaların hər bir ilməsində, naxışında Şuşa yaşayır. Bu xalçalar da bizim kimi doğma yurda qayıdışı gözləyir.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı faciə yaşamış və yurd-yuvalarından didərgin düşmüş insanlara həsr edilmiş “Həsrət” adlı musiqili ədəbi-bədii tamaşa nümayiş olunub.