Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə mayın 12-də Ankarada muğam konserti keçirildi.

Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyənin milli komissiyaları tərəfindən birgə təşkil olunan konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlmişdi.

Türkiyə Prezidenti Administrasiyası Simfonik Orkestrinin konsert salonunda təşkil olunmuş konsertdə qrupu Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Ankara simli alətlər dərnəyinin kamera orkestri müşayiət edirdi.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov və UNESCO üzrə Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz çıxış etdilər.

Səfir Xəzər İbrahim Azərbaycan muğam qrupunun növbəti dəfə Ankarada konsert proqramı ilə çıxış etməsinin önəmini vurğulayaraq bildirdi ki, hər belə mədəniyyət tədbiri xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfədir. O, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini diqqətə çatdıraraq qeyd etdi ki, böyük şairin yaradıcılığı kimi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri də yüksək duyğular üzərində qurulub.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə yaradıldığını deyən səfir Elnur Sultanov bildirdi ki, ulu öndər ölkəmizin UNESCO ilə əməkdaşlığına hər zaman xüsusi önəm verirdi. O, komissiyanın fəaliyyəti, Azərbaycan-UNESCO əlaqələrindən danışdı.

Çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan professor Öcal Oğuz qeyd etdi ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığı da hər iki ölkə və bütün türk xalqları üçün milli sərvətdir.

Çıxışlardan sonra konsert proqramı başladı. “Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimovun ifasında “Heydərbabaya salam”, “Qara tellər”, “Nə olaydı” xalq mahnıları və təsniflər, o cümlədən Nəsiminin qəzəlləri səsləndirildi. Xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edirdilər. Konsertin sonunda Mənsum İbrahimovun “Qarabağ şikəstəsi”ni ifa etməsi tamaşaçılar tərəfindən ayaq üstə alqışlarla qarşılandı.

M.SULTANOVA
Ankara