İncəsənətin bütün forma və janrları ictimai təfəkkürün spesifik növüdür. Kino sənəti isə ona görə həyatın inikası olaraq qəbul edildi ki, orda idrak, təfəkkür cilalandı, təhlil edildi, bədii komponentlərdən ibarət mündəricəyə çevrildi. Vizual mündəricəni tamaşaçıya çatdıran, sevdirən isə novator aktyorlardır. Görkəmli sənətkar, Xalq artisti Rza Əfqanlı (1899-1973) kimi.
Yeni nəsil tamaşaçılar Rza Əfqanlının teatr fəaliyyətini görməyib və xatırlamır. Kino isə müqtədir sənətkarın yaradıcılığına, sənətə sevgisinin böyüklüyünə və peşəkarlığına bizləri şahid edir. Dövrünün sayılıb-seçilən sənətkarları kimi R.Əfqanlının yaradıcılıq bioqrafiyasının əsasını da teatr təşkil edir. 1923-cü ildən Bakı Teatr Məktəbinə qəbul olunan istedadlı gənc elə həmin ildən Milli Dram Teatrının aktyoru kimi əmək fəaliyyətinə başladı. Teatr onun üçün müqəddəs məbəd idi. Elə buna görə də sənətkar taleyinə yazılan rollarına incə ruhundan, aqil düşüncəsindən, haqqa tapınan münasibətindən məmnuniyyətlə pay böldü, təvazökar, səmimi yaradıcılığını qəlblərə, hafizələrə yazdı.
İki yaşından atasını itirən, doqquz yaşından varlıların qapısında nökərçilik və çobanlıq etməklə ailəsinin dolanışığına köməklik edən, on üç yaşından Bakıda əmisinin yanında neft mədənlərində ağır əmək fəaliyyətinə başlayan zəhmətkeş gəncin taleyinə nə yaxşı ki, aktyor olmaq yazıldı. Və nə yaxşı ki, sənət imtahanlarını verəndə onu dinləmək qisməti ustad sənətkar Rza Təhmasibə nəsib oldu və onu bu sənət məbədinə (Azərbaycan Dram Teatrı) işə götürdü. Bir də nə yaxşı ki, onun güclü sənət duyumunu, potensiallı aktyor olduğunu kino xadimləri kəşf etdilər.
Teatr yaradıcılığında romantik və realist rollar oynayan aktyorun kinoda debütü “Bakılılar” (1938) filmindəki Cəfər obrazıdır. Tarixi inqilabi mövzulu filmdəki baş rolun uğurlu təqdimatından sonra ona “Kəndlilər” filmində Abbas, “Yeni horizont”da professor Əhmədov, “O olmasın, bu olsun”da Cəlil Məmmədquluzadə, “Aygün” bədii-televiziya filmində müəllim, “İyirmialtılar”da Süleyman, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Sərxan, “Qanun naminə” filmində Vahidov, “Mən ki gözəl deyildim”də Həmid, “Sevil” film-operasında Atakişi rolları həvalə olundu. Göründüyü kimi, filmlər janr və mövzusuna, obrazlar isə forma və məzmununa görə fərqlidir. Bu isə fərqli, bənzərsiz yaradıcılıq deməkdir.
Rza Əfqanlının özünəməxsus yaradıcılıq metodu, təfəkkür tərzi, dünyagörüşü, bədii ifadə vasitələrini məntiqli formada çatdırma üslubu hadisələrin ekran təhkiyəsini yaradırdı. Həyatın ağır yükünü erkən yaşlarından çiyinlərində daşıyan, uşaqlıq və gənclik illərini böyük zəhmət və əməyə sərf edən Əfqanlı üçün rolların xarakteristikasını cilalamaq, psixologiyasını təhlil etmək heç də çətin olmadı. Çünki çətinliklər məngənəsində çırpınmağın, həyatın içindən gəlməyin, büdrəyib ayağa qalxmağın, hamar olmayan ömür yolundakı kol-kosları təmizləməyin nə olduğunu yaxşı bilən aktyor həyat missiyasını sənətdə təlqin etməli olduğunu gözəl anlayırdı.
Aktyor sənət bilicisi olduğundandır ki, rol aldığı ilk filmdən etibarən baş rollara imza atdı. Onun 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilən “Bakılılar” filmindəki Cəfər obrazı filmin ideya məzmununu təhlil edir. Cəfər dövrün reallığından irəli gələn səbəblərdən siyasi çaxnaşmalarda çaş-baş qalan, aclıqla mübarizə aparan minlərlə insanın ümumiləşdirilmiş obrazıdır. İnqilabi proseslərin iştirakçısı və aparıcılarından olan Cəfərin üzündən kədər əskik olmur. Dövrün ictimai-siyasi gərginliyi çərçivəsində yaşamaq uğrunda mübarizə aparan Cəfər mərd olmasına baxmayaraq, yenə də özünü gücsüz və gərəksiz sayır, savadsızlığına və avamlığına görə utanır. Gərəksiz müharibələr bütün dövrlərdə insan mənəviyyatını zəhərləyib, həyatın inkişafına, tərəqqisinə mane olub. Bundan əziyyət çəkən isə milyonlarla günahsız insandır. Bu mənada ekranda canlandırılan müxtəlif dövrlərin həyat məsələlərinin mənbəyini və problemlərin həlli yolunu məhz peşəkar aktyor ifası ilə bizlərə çatdırır.
Aktyorun növbəti genişplanlı rolu “Yeni horizont” filmindəki professor Əhmədov obrazıdır. Əhmədov neft-qazma qurğularının yanlış ərazilərdə qurulmasını iddia etməklə yanlış fərziyyə və mülahizələrini elmi nəzəriyyə ilə əsaslandırır. Onun tələbəsi Ədil Kərimov isə neft quyularını, yeni horizontları nəzəriyyəyə görə deyil, praktikaya əsasən kəşf etməyi təklif edir. Müəllim tələbə arasında olan fikir ayrılığı sonda Ədil Kərimovun haqlı olması ilə nəticələnir. İddialı və eqoist Əhmədovun qeyri-səmimi münasibəti, insanlara yuxarıdan aşağı baxması, kimsənin fikirləri ilə razılaşmaması aktyor ifasında bir qədər pafosla təqdim olunsa da, bunu həmin illərdə teatr aktyorlarının kinoya gətirdiyi yaradıcılıq priyomu adlandıra bilərik. Ənənəvi hal alan pafoslu çıxışlar yalnız 1950-ci illərdən sonra kinodan uzaqlaşdırıldı.
Realist obrazları şövq və əzmlə ekranda canlandıran aktyorun bitkin və xarakterik rollarından biri də “O olmasın, bu olsun” filmindəki Cəlil Məmmədquluzadə obrazıdır. Rol kiçikplanlı olsa da, personajın xarici görünüşü, düşüncəsi və həyat tərzinə uyğunlaşdırılmış rəftarı qəhrəmanın şəxsiyyəti haqqında tam təəssürat yaradır. Yazıçı, dramaturq, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisinin obrazı baxımlıdır. Komik situasiyaları kiçik kadrda, lakonik təqdimatda dövrünün ümumi mənzərəsi kimi şərh edən aktyor tamaşaçını ədibin məzmunlu yaradıcılığının haqlı məzəmmətlərinə bir daha vizual olaraq şahid çəkir.
Rza Əfqanlının rol aldığı filmlər mütləq şəkildə koloritli və baxımlı kino kateqoriyasına daxil olurdu. Çünki aktyor plastikası, gərgin zəhmətə, illərə hesablanan peşəkarlığı, ədəbi əsərlərə məhəbbəti və münasibəti personajları yaşarı canlandırmasına imkan verirdi. Bu mənada hadisələr və şərhlər tamaşaçı yaddaşında kök salan vacib mövzuya çevrilirdi. Filmdə qaldırılan problemlər ciddi ideya olaraq bədii yaradıcılığın mahiyyətini təsdiq və sübut edirdi. İstedadlı aktyorun bir sıra obrazları arzulanan prototip kimi qəbul edilirdi. Məsələn, “Aygün” bədii-televiziya filmindəki müəllim rolunu xatırlayaq. Həyat yoldaşı Əmirxanın tənələri ilə üzləşən Aygün tərəddüd içərisindədir. O, Əmirxanın istəyinə görə musiqini atmalı, sevdiyi sənətindən uzaqlaşmalı, evdar qadın olaraq taleyinə boyun əyməlidir. Lakin imtahan proseslərində onun istedadını yüksək qiymətləndirən və musiqi sahəsində çalışmasına, insanlara daha çox gərəkli olacağına inandıran müəlliminin (R.Əfqanlı) müdrik nəsihətləri Aygünə stimul verir, cəmiyyətə lazımlı şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Rza Əfqanlının dəqiq ünvanlanmış yaradıcılıq taktikası həmişə rolun daxili mənini, həyat mövqeyini incəliyinə qədər çatdırılmasına zəmin yaradıb. Bu mənada onun kinoda yaratdığı kiçikplanlı rolları belə baxımlı, sevimli, filmin məna dəyərini artıracaq və ekran ömrünü uzadacaq qədər bənzərsizdir.
Aktyorun ekran yaradıcılığının orijinallığı haqqında danışanda “Dağlarda döyüş” filmindəki Sərxan obrazı göz önündə canlanır. Bu rolun müxtəlif rakurslu təhlili aktyorun məhsuldar işgüzarlığını isbatlayır. Gərgin situasiyalarla bol olan filmin dramaturji yükü bütünlüklə Sərxan obrazının çiyinlərindədir. Onun oğlu Fərruxla ürək parçalayan dialoqu acınacaqlı həyat hekayəsinin tablosunu yaradır. Eyni zamanda novator aktyorun təsirli dialoq və monoloqlarının, keçmişi ilə bağlı xatirələrinin fonunda taleyin hökmünə və dövrün haqsızlığına əsasən şərəfli insan həyatının yanlış səmtə yönləndirilməsini qəlbləri sızıldadacaq qədər izah edir. Filmin məna dəyəri son dərəcədə kəsərli və dərindir. Rza Əfqanlının kino yaradıcılığının monumentallığının səbəb və nəticəsini aydınlaşdırmaq, peşəkarlığını xatırlamaq üçün təkcə bu rol haqqında uzun-uzadı və əsaslı şəkildə danışmaq mümkündür. Ən önəmlisi isə onun ekranda göründüyü vaxtdan etibarən və dünyasını dəyişdikdən sonra belə həyat mövqeyini, sənətkar ziyalılığını, müdrik düşüncəli şəxsiyyət olmasını rolları vasitəsilə təlqin etməsidir. Bu isə unudulmaz aktyorun nümunəvi həyat missiyasına, müsbət şəxsi keyfiyyətlərinə sənət qədər cəmiyyətin, tamaşaçıların da ehtiyacı olduğunu bir daha təsdiqləyir.
Şəhla ƏMİRLİ
kinoşünas