Mayın 13-də Şamaxıda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları” (kurator Nəzakət Rəhmanova), “Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” (kurator Aygün Hüseynova) və “Kreativ peşə səriştələri” (kurator Pərvanə Hüseynova) mövzularında yeni tədris modulları əsasında təlimlərə start verilib.
Təlimlər Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İncəsənət Təhsili Mərkəzi və Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında aparılır.
Kursların açılış mərasimində mərkəzin sosial tərəfdaşı olan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov mütaliənin gənclər arasında təbliğ olunmasında dövlət kitabxanalarının əhəmiyyəti barədə məruzə ilə çıxış edib.
Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunacaq peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapıb.
Xatırladaq ki, mərkəzin ilk təlimləri aprelin 22-dən 26-dək Lənkəran şəhərində təşkil olunub.