Mayın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovla vida mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirdilər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışdı. Bildirdi ki, bu gün biz çox kədərli anları yaşayır, böyük bəstəkarla əbədi vidalaşırıq. Qeyd etdi ki, Qara Qarayevin tələbəsi olmuş Arif Məlikov geniş yaradıcılıq diapazonu ilə seçilən sənətkar idi. O öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb, həm kino, həm teatr sənətinə layiqli töhfəsini verib. Nazim Hikmətin librettosuna yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti qazandırıb. Balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub.
Diqqətə çatdırıldı ki, Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, filmlərə, teatr tamaşalarına musiqilərin, mahnıların müəllifidir. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət” adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir. Arif Məlikovun musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.
Nazir qeyd etdi ki, dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib. Arif Məlikov həmçinin fəal vətəndaşlıq mövqeyi ilə xalqın böyük hörmətini qazanmış ictimai xadim olub. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdıranlar arasında Arif Məlikov da var idi.
Bildirildi ki, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Arif Məlikov 1965-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti, 1986-cı ildə SSRİ Xalq artisti fəxri adlarına, 1986-cı ildə Azərbaycanın Dövlət mükafatına, 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev”, 2018-ci ildə “Şöhrət” ordenlərinə layiq görülüb. Nazir daha sonra dedi: “Arif Məlikov Vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə yaşayır, musiqi ilə nəfəs alırdı. Lakin dünya heç kəs üçün əbədi deyil. Ancaq yaxşı ad və unudulmaz xatirələr insanı hər zaman yaşadır. Böyük bəstəkar, pedaqoq, səmimi və təvazökar insan Arif Cahangir oğlu Məlikovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.
Vida mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Arif Məlikovun onun üçün doğma bir insan olduğunu bildirdi: “Biz ilk dəfə 1962-ci ildə maestro Niyazinin evində görüşdük. Ondan sonra bizim dostluğumuz başladı”. Qeyd etdi ki, bəstəkarın Nazim Hikmətin sözlərinə yazdığı romansları əsl şedevrdir. Arif Məlikov Üzeyir Hacıbəylidən sonra Azərbaycan romans musiqisinin zirvəsi idi. O, yaradıcılıq təbiətinə görə simfoniyaçı idi. Əsərləri onun yeni formalar, yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirirdi. Görkəmli sənətkar Bakı Musiqi Akademiyasında gənc musiqişünasların, bəstəkarların yetişməsinə böyük zəhmət sərf edib. Dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman böyük salonlarda səslənəcək, nəinki müəllifinə, həm də mənsub olduğu millətə şöhrət gətirəcək.
Arif Məlikovun dünyasını dəyişməsini Azərbaycan elmi üçün də böyük itki hesab edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, o, böyük akademik düşüncəyə malik bir musiqi xadimi idi. Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovdan sonra Azərbaycan musiqi mədəniyyətində ən yüksək yerlərdən birində qərar tutmuşdu. Hər zaman Azərbaycan elmini ləyaqətlə təmsil edən Arif Məlikov yeni sənətşünaslar, musiqişünaslar nəslinin yetişməsində müəllim, elmi məsləhətçi kimi böyük səylər göstərib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun opera və baletləri ilə bərabər Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti də Azərbaycan xalqına və musiqi mədəniyyətinə dünya şöhrəti qazandırıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi, bəstəkar Ceyhun Allahverdiyev çıxış edərək görkəmli sənətkarın bənzərsiz musiqi dünyasından söhbət açıb, onunla bağlı xatirələrini bölüşdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdilər. Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildirdilər.
Vida mərasimindən sonra bəstəkarın cənazəsi son mənzilə yola salındı. Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.
S.FƏRƏCOV