Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, professor Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümündə (8 may) musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək bəstəkarın məzarını ziyarət etdilər. Məzarın önünə tər çiçək dəstələri qoyuldu, sənətkarın xatirəsi ehtiramla yad olundu.

Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 1 aprel 2019-cu il tarixində sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq sənətkarın yubileyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçiriləcək.

Qeyd olundu ki, Azərbaycan mədəniyyətində silinməz iz qoyan məşhur Hacıbəyovlar nəslinin nümayəndəsi olan Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçərək əmisi oğlu – Üzeyir Hacıbəylinin evində yaşayıb. 1936-cı ildə Musiqi Texnikumuna daxil olan Soltan truba sinfində təhsilini davam etdirib. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə, professor Boris Zeydmanın sinfinə daxil olub. Burada xalq musiqisinin əsaslarını Üzeyir bəydən öyrənib. Bəstəkarın müxtəlif janrlarda yaratdığı əsərlər Azərbaycanın musiqi mədəniyyətini zənginləşdirib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək Soltan Hacıbəyovun həyat və fəaliyyətindən danışdılar. Vurğulandı ki, bəstəkar iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. 19 sentyabr 1974-cü ildə vəfat edib.

Mərasimdə bəstəkarın ailəsi adından çıxış edən gəlini, tanınmış pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyova sənətkarın xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

F.HÜSEYNOV