Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) olub. Görüşdə akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, prorektor, Xalq artisti Təranə Muradova, “Stara Zagora” Opera Teatrının rejissoru və bədii rəhbəri, hazırda BXA-da ustad dərsləri keçən Silviya Tomova iştirak edib.
Rektor Timuçin Əfəndiyev qonağı salamlayaraq akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlığı, təlim-tədris prosesi haqqında məlumat verib.
Səfir Nikolay Yankov Bolqarıstan və Azərbaycanın sənət ocaqlarının gələcək əməkdaşlığında maraqlı olduqlarını bildirərək bu sahədə BXA-nın əldə etdiyi nailiyyət və təcrübələrindən yararlanmaq istədiklərini vurğulayıb.
Silviya Tomova da BXA haqqında müsbət fikirlər səsləndirərək akademiyada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd edib. Həmçinin onu da xatırladıb ki, Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Quli xeyli müddət Bolqarıstanın Varna şəhərində balet məktəbinə rəhbərlik edərək bolqar klassik xoreoqrafiyasının inkişafına töhfələr verib.
Görüşdə hər iki ölkənin ali sənət məktəblərinin birgə konsert proqramlarının təşkil olunması, tələbə-müəllim mübadiləsi, Azərbaycan rəqslərinin Bolqarıstanın xoreoqrafiya təmayüllü məktəblərində tədris edilməsi və qarşılıqlı əməkdaşlıq sazişlərinin bağlanılması müzakirə olunub.