Səudiyyə Ərəbistanının Məkkə regionunda İSESCO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirilib. Tədbirin keçirilməsində məqsəd İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.
İclas zamanı Səudiyyə Ərəbistanı Krallığı tərəfindən namizədliyi irəli sürülmüş Salim bin Məhəmməd Əl-Malik (Dr. Salim bin Mohammed Al-Malik) İSESCO-nun yeni baş direktoru vəzifəsinə seçilib.
Sessiyada ölkəmizi mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev, İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini Vasif Eyvazzadə və nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Nuriyyə Məmmədova yer alıb.
Sessiyada çıxış edən Vaqif Əliyev İSESCO-Azərbaycan münasibətlərindən daşınaraq Əbdüləziz Osman Əl-Tüveycrinin təşkilatın fəaliyyətinə, xüsusilə də Azərbaycanla məhsuldar münasibətlərin formalaşmasına töhfəsini vurğulayıb və yeni baş direktora gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan 2015-2018-ci illərdə İSESCO Baş Konfransının sədri olub, hazırda isə təşkilatda məruzəçi ölkə statusunu daşımaqdadır.