Mayın 16-da Qırğızıstanın paytaxtı Bişkekdə “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli təmsil edir.
Tədbirdə Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının milli sərvətidir” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra “Yazılı mədəniyyət və kommunikasiya: dünən, bu gün və sabah”, “Təhsil sistemində mütaliə və kitab”, “Kitab, mütaliə və kitabxana” və “Mütaliə və kitab nəşrləri” seksiyaları üzrə məruzələr dinlənilib.
Mayın 18-dək davam edəcək beynəlxalq konfrans çərçivəsində bir sıra tədbirlər – Alıkul Osmanov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 85 illik yubileyi, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və Qırğızıstan kitabxana işçilərinin forumu keçiriləcək.