UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə forum keçirilib
Mayın 15-də Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı beynəlxalq forumu keçirilib.
İki gün davam edən foruma Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılıb.
Azərbaycan nümayəndə heyətində ölkəmizdən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Macarıstandakı səfirimiz Vilayət Quliyev, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev yer alıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı çıxış edərək Böyük Çölün tarixi və əhəmiyyəti haqqında məlumat verib.
UNESCO-nun Baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko forum iştirakçılarını qurumun rəhbəri adından salamlayıb və foruma uğurlar diləyib. O, UNESCO yanındakı Azərbaycan daimi nümayəndəliyinə forumun təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.
Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” kimi aktual mövzuya həsr edilmiş forumun UNESCO-nun himayədarlığı ilə qurumun mənzil-qərargahında keçirilməsinin türk etnosunun qədim tarixinin, türkdilli xalqların bəşər sivilizasiyasında misilsiz rolunun təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsinin məmnunluq doğurduğu, klassik Azərbaycan poeziyasında ictimai-fəlsəfi fikir tariximizdə şairin müstəsna yeri nəzərə alınaraq 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb.
“Ümidvaram ki, dövlət xadimlərinin, tarixçilərin və türkoloqların iştirakı ilə türk dünyasının ortaq mənəvi-mədəni dəyərlərinə dair fikir mübadiləsi və müzakirələrin aparılacağı bu forum türkdilli ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir. Tarixi irsimizin araşdırılması sahəsində ardıcıl fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini təqdir edir, forumun işinə uğurlar arzulayıram”, - deyə Prezident İlham Əliyevin məktubunda bildirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, keçmiş hadisələrdən ibrət götürərək gələcək nəsillər üçün daha yaxşı bir gələcək qura bilərik. Bunun ən parlaq müasir örnəklərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin bir hissəsi kimi Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bu günlərdə beşinci dəfə gerçəkləşən forum çərçivəsində “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” mövzusunda dəyirmi masa təşkil olundu: “Tədbirdə türkdilli xalqların mədəniyyətinin inkişafı, onun dünya mədəniyyətinə töhfələri müzakirə edildi. Böyük İpək Yolu boyunca çox sayda türk dünyası miraslarını müşahidə edə bilərik. Təəssüf ki, bu mirasların bəziləri, işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi, təhlükə altındadır. İnanıram ki, səylərimiz türk dünyasının vacib miraslarının qorunması üçün birləşdirilməlidir”.
G.Əfəndiyeva qeyd edib ki, türk xalqları Avrasiya qitəsinin formalaşmasında mühüm rol oynayıblar. Qədim Böyük İpək Yolunun fəaliyyət göstərməsi üçün tolerantlıq, sülh və anlaşma şəraitinin yaradılması vacibdir. Türk xalqlarının tarixində müxtəlif mədəniyyətlərə və inanclara qarşı böyük tolerantlığı müşahidə olunur. Tarix boyunca türk xalqları eyni vaxtda və ya ardıcıl olaraq xristianlıq, yəhudilik, buddizm və islam kimi universal dünya dinlərini praktikada tətbiq ediblər. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən İmadəddin Nəsimi o dövrün bəzi insanlarının nə dərəcədə fəlsəfi düşüncəyə malik olmasının göstəricisidir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti bildirib ki, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü “Böyük Çöl” konsepsiyası coğrafi cəhətdən, eləcə də mədəniyyət baxımından geniş sahəni əhatə edir. Konsepsiya ümumi fikirləri qoruyan və yaymaqda kömək edə biləcək bir yanaşma irəli sürür. Forumun mövzusunun ümumtürk tarixinin və onu dünyaya təqdim etmək yollarının əsas mərhələlərini göstərir. Bütün türkdilli xalqların eyni əcdadı və mədəni mirası paylaşdığını unutmamalıyıq. “Kitabi-Dədə Qorqud”, “Manas” və digər eposlar birliyimizi əks etdirir.
Forum çərçivəsində UNESCO-da böyük şair İmadəddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün milli mücadiləni başlatmasının 100 illiyi qeyd edilib.
* * *
Forumun “Türk sivilizasiyası və onun dünya mədəniyyətinə töhfələri” adlı panelində Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkandakı dəyərlər, tendensiyalar, azərbaycanlı mütəfəkkirlər haqqında fikirlərini bölüşüblər.
Paneldə İmadəddin Nəsiminin fəlsəfi düşüncələri, onun təsir dalğalarının Orta Asiyadan Qafqaza, Anadoludan ərəb ölkələrinə qədər yayılması diqqətə çatdırılıb. Natiqlər öz dövrünün ensiklopedik şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlunun, Mustafa Kamal Atatürkün türk xalqlarının mədəni irsi və dünya tarixində rollarından söz açıblar. Böyük Çöl və İpək Yolunun hər birinin qloballaşma, eləcə də mədəniyyət transformasiyasının reallaşması üçün məhsuldar bir mühit yaratmasından danışıblar.
“Böyük Çöl, eləcə də Böyük İpək Yolu hər biri özlüyündə ayrıca bir müstəvidir ki, orta əsrlərdə qloballaşmanın, onun başlıca bəhrələrindən olan mədəni transferin reallaşmasına çox münbit mühit yaradıblar. İmadəddin Nəsiminin yaradıcılığı və şəxsiyyətinin timsalında bu qənaətlər öz əyani təsdiqini tapır”. Bu sözləri akademik Rafael Hüseynov söyləyib. Orta əsrlər boyunca Nəsimi tərənnümçülərinin Böyük Çölün ədəbi inkişafına verdiyi töhfələrdən bəhs edən R.Hüseynov həmin dövrlərdə fəaliyyət göstərmiş təriqət və dini-fəlsəfi cərəyanlardan danışıb.
Forumun panel müzakirələrində müxtəlif ölkələrdən olan tədqiqatçılar Böyük Çölün əhatə etdiyi türkdilli xalqların tarixi, mədəniyyəti, dünya mədəniyyəti xəzinəsinə töhfələri ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələr zamanı “Türk tarixi” xəritəsi təqdim olunub.