Aşqabadda MDB ölkələrinin yaradıcı və elm ziyalılarının XIV Forumu keçirilib
Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elm ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.
Forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov və başqaları yer alıb.
Forum “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusuna həsr olunub.
Tədbirin açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Türkmənistanın MDB çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak etdiyi, 2012-ci ildə ölkənin Marı, 2016-cı ildə isə Daşoğuz şəhərlərinin MDB-nin mədəniyyət paytaxtı elan edildiyi diqqətə çatdırılır.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər.
Polad Bülbüloğlu çıxışında diqqətə çatdırıb ki, 2007-2018-ci illərdə DHƏF ümumilikdə 735 çoxtərəfli layihənin həyata keçirilməsinə kömək edib, həmin layihələrdə MDB üzvü olan bütün ölkələrdən, habelə Baltikyanı dövlətlərdən və Gürcüstandan 500 mindən çox adam iştirak edib. 2019-cu il üçün 84 layihə planlaşdırılıb.
Fondun sədri çıxışının sonunda Azərbaycan nümayəndəsi kimi qeyd edib ki, türkmən və Azərbaycan xalqlarını ortaq köklər bağlayır. 2017-ci ildə Türkmənistanın Xalq artisti kimi yüksək ada layiq görüldüyünü deyən Polad Bülbüloğlu vurğulayıb ki, biz qədim oğuzların vahid ailəsinə mənsubuq və müxtəlif dialektlərdə olsa da, eyni dildə danışırıq. O, fürsətdən istifadə edərək, ona göstərilmiş etimada görə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, habelə bütün türkmən xalqına dərin minnətdarlığını bildirib.
Forumun açılış mərasimindən sonra plenar və “Birliyin mədəniyyəti: dialoqun universal dili”, “MDB-də təhsil və elm: əməkdaşlığın yeni formatları”, “MDB-də kitab ili” mövzularında bölmə iclasları başlayıb.
İclaslarda elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə ediblər. MDB məkanında keçirilən “2019 – Kitab ili” ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzində olub. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclas keçirilib.
Forumda MDB-nin ali orqanları tərəfindən 35 sənəd: ali təhsil haqqında diplomların tanınması barədə, pedaqoji işçilərin ixtisasının artırılması haqqında, MDB ölkələrinin əmək bazarlarında tələbat nəzərə alınmaqla mütəxəssislərin ixtisas səviyyəsinin artırılması və yenidən hazırlanması üçün 17 ali məktəbə MDB dövlətlərinin baza təşkilatları statusu verilməsi haqqında və sair sazişlər qəbul edilib.
Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı - “Birlik ulduzları”nın təqdimat mərasimi də keçirilib. Mükafata layiq görülənlər arasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayev də var. Forum mayın 16-da başa çatıb.