Şeytan və insan münasibətləri mövzusu dünya ədəbiyyatını, xüsusən də dramaturgiyasını çoxdan məşğul edir. Əgər biz indi oxuduğumuz əsərləri, baxdığımız tamaşaları yada salsaq, yaxud internet qaynaqlarını bildiyimiz dillərdə araşdırsaq, uzun bir siyahı alınar.
Azərbaycan oxucusu və tamaşaçısı təxminən bir əsrdir ki, iblisin ədəbi obrazından və səhnə təcəssümündən söz açarkən böyük Cavidin məşhur əsərini və bu əsərin qayəsini ehtiva edən iki sualı: “İblis nədir? - Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? - İblis…” xatırlayır.
Nə acı ki, gördüklərimiz düşüncəli insanı cavidsayağı təəccüb, anlaşılmazlıq (situasiyadan asılı olaraq) “İblisəmi uymuş bəşəriyyət?” sualına cavab tapmamış heyrət, sarsıntı ilə “insan iblisin oyununa niyə gəlsin ki” düşüncəsinə dalmağa vadar edir. Yəqin elə buna görədir ki, bu gün milli ədəbiyyatımızı yaradanlar da iblislə bağlı suallara cavab axtarırlar.
Ötən ay yazıçı-dramaturq Elçinin “Şeytan əməlləri” tamaşasının premyerası oldu. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında səhnələşdirilən pyesə tanınmış teatr rejissoru, illərdən bəri Finlandiyada yaşayan soydaşımız Kamran Şahmərdan quruluş verib.
Çağdaş Azərbaycan teatrında absurd teatra seyrək müraciət olunsa da, rejissorlar bir qayda olaraq, xarici ölkə dramaturqlarının əsərləri əsasında belə tamaşalar qururlar. “Literaturnı Azerbaydjan” dərgisinin ötənilki 8-ci nömrəsində dərc olunmuş (Natəvan Xəlilovanın tərcüməsində) pyesin özünü müəllif üçhissəli absurd kimi təqdim edib. Üstəlik, pyesin ilk səhifəsinin baş ucunda öz qeydlərini yerləşdirib: “Bu janrın təyini büsbütün quruluşçu rejissorun seçimindən asılıdır: bu pyesi həm komediya, həm faciə, həm də tragikomediya kimi təsəvvür etmək olar. Məncə, qarışıq janrlardan da istifadə etmək olar: birinci hissə - sürrealizm, ikinci hissə - klounada, üçüncü hissə - qrotesk və i. a. İstənilən halda pyesin adı ilə ifadə olunan məğzi - “Şeytan əməlləri” - estetik-bədii xətt kimi ilk baxışda müstəqil görünən üç pərdəsini birləşdirməlidir”.
Beləcə, müəllif rejissora tamaşa ilə bağlı ipucu verir. Tamaşaya pyesi oxuduqdan sonra baxdığımıza görə də deyirik ki, Kamran Şahmərdan Elçinin bu ipucu təkliflərindən məharətlə bəhrələnib (müəyyən məqamlarda tamaşanın yönünü absurddan aralayıb postdramatizmə aparır, amma oyunu quran iblisdirsə, hər şey ola bilər), pyesin mətninə, dialoqlara toxunmadan bizim teatr məkanımız üçün yeni nüanslarla dolu tamaşa hazırlayıb. Üstəlik, “Şeytan əməlləri”ndə janrın çərçivəsi də sınıb: səhnəyə təkcə film estetikası gətirilməyib, iri monitor quraşdırılmayıb. Tamaşa əsl film kimi başlayır. Ekrandakı titrlər absurdun nə olduğunu və səhnədə kimləri görəcəyimiz barədə məlumat verir. Filmdən hələlik bu qədər...
Tamaşanın hər səhnəsində, aktyorların hər sözündə şeytan oyununa gəlməyə dair işarələr var. Təsəvvür edin, övladları böyüyüb ailə qurduqdan sonra ayrı yaşayan ortayaşlı Kişi (Rüfət Nəzərov) və Qadın (Əməkdar artist Mələk Abbaszadə) səhər yuxudan dururlar. Evdə işıq yanmır. Bu azmış kimi, günəş də çıxmayıb. Ətraf zülmət kimi qaranlıqdır. Amma telefonla hal-əhval tutduqları övladları, dostları deyir ki, həyat öz qaydasında davam edir: işıq da yanır, şəhərdə günəşli bir gündür. Bu çaşqınlıq azmış kimi, Qadının ağlına qəribə fikirlər gəlir: görəsən, Allah niyə Şeytanın Cənnət bağına gəlişinə izin verdi? Görəsən, Allah güclüdür, yoxsa Şeytan? Etiraf edək, insanın nəinki kimdənsə, hətta özündən də bu sayaq suallara cavab istəməsi heç də uğurlu, ağlabatan cavablar, həmin cavablardan dolayısı fikirlərlə sonuclanmır.
Olmaya, qəlb qaranlıq olanda belə fikirlər doğulur? Yoxsa əksinə, bu fikirlər qəlbə qaranlıq gətirir? Bu azmış kimi, Kişi ilə Qadın öz yataqlarında müxtəlif maskalar tapırlar. Əvvəlcə düşünürlər ki, tapdıqlarını dünən nəvələri baba evində unudublar. Halbuki Qadının dəqiq yadındadır ki, uşaqlar gedəndən sonra evi yığışdırıb və artıq heç nə tapmayıb. Alaqaranlıqda Kişi ilə Qadının sual dolu dialoqunu daha yaxşı izləmək, aktyorların, xüsusilə də Mələk Abbaszadənin mimik ifadəsini daha aydın görmək üçün quruluşçu rejissor daha bir kinematoqrafik priyomdan bəhrələnir: səhnədə iştirakçılarla bərabər daha bir personaj da var - qəhrəmanların arasında baş verənləri canlı yayımla ekrana ötürən operator. İndi kim desə ki, teatrda xırda mimik cizgilərə, incə jestlərə ehtiyac yoxdur, Şeytan əməlləri” əksini sübuta yetirəcək.
İkinci hissənin qəhrəmanı XXI əsrin görkəmli Pianoçusu (Xalq artisti Məbud Məhərrəmov) öz düşüncələrini tamaşaçı ilə paylaşır. Düzdür, o, Allah ilə Şeytanın hünərini müqayisə etmir. Çünki buna ehtiyac da yoxdur: “Bəşəriyyətin ən böyük kəşfi - biri gülən, digəri isə ağlayan iki maskadır. İnsanlar isə bu iki maskaya milyardlarla maskanı sığışdırdı. Məsələn, mənim 17 maskam var. Yox!... Yox!... İyirmi üç! Mənim iyirmi... üç?... Yox, bir...iyirmi bir maskam var! Mən bu maskaları sevirəm! Mən bu maskalarsız yaşaya bilmirəm!”.
Hesabla diqqətli tamaşaçı bu məqamda diksinməlidir. Kişi ilə Qadının yataq otağında peyda olan maskalar Maestronun unutduğu, ya da təkəm-seyrək taxdığı maskalardan olmasın ki? Maskalanmaq elə iblisanəlikdən xəbər vermir ki? Məncə də...
Maestronun səhnələrində kinematoqrafik priyom tamaşaçının köməyinə gəlir. Videoçəkiliş sayəsində qrim otağında, gerçək səhnəarxasında Pianoçunun söylədiyi monoloq səhnədəki ekrana çıxır.
Nəhayət, tamaşa-triptixin üçüncü hissəsi başlayır. Başlayır deyəndə ki, “Şeytan əməlləri” fasiləsiz oynanılır. Yalnız teatrın gənc aktyorlarından ibarət kordebaletin (rəqslərin quruluşçusu - Xalq artisti Kamilla Hüseynova) çıxışı, Şeytanla İnsanın qarışığı, törəməsi kimi nəzərdə tutulan Aparıcı - Şeytanın hissələrarası şou-monoloqu bir əhvalatın bitib o birisinin başladığından xəbər verir.
Üçüncü hissənin qəhrəmanları - Ər (Teymur Rəhimov) və Arvad (Bella Safina) səhnədə olduqları zaman boyunca həmin gün kimin doğum günü olduğunu aydınlaşdırmağa can atırlar. Birinci hissədən tanıdığımız Kişi və Qadın da onlardan birini (bəlkə də hər ikisini?) təbrik etmək üçün gəlsələr də, Ərin, ya Arvadın doğum günü olduğunu çaşdırırlar. Bu məqamda Şeytanın əməli məişət, kişi-qadın müstəvisində davam edir: dostun (rəfiqənin) halalına haram gözlə baxmaq cəhdləri qabarır. Düzdür, həm pyesdə, həm də tamaşada bu meyl çox məharətlə, incə ştrixlə verilib: amma nəfəsini dərmədən hadisələri izləyən seyrçi bunu görür. İblisanəlik özü də xırdalanır: hər kəs hardansa evə soxulmuş qəribə böcəyi (tamaşaçı onun yalnız vızıltısını eşidir) şappıldadıb öldürməyə, ya da heç olmasa, mənzildən uzaqlaşdırmağa çalışır. Bu yerdə tamaşanın əvvəlində iri monitordakı titrlər bu səhnə əsərinin dünya şöhrətli ispan kinorejissoru Lüis Bunüelə ithaf edildiyi barədə qeydi xatırlayırsan. 1972-ci ildə “Oskar”a layiq görülmüş, süjetində güclü sürrealistlik duyulan “Burjuaziyanın sadə cazibəsi” filminin təsiri də məhz üçüncü hissədə duyulur. Amma düşünürsən: görən, insanların bir-biri ilə dil tapmasına da iblisanəlik mane olur?
Aktyorlar böyük təmkin və daxili heyrət sərgiləməklə öz rollarının öhdəsindən gəlirlər. Lakin onların arasında bir nəfəri - Aparıcı rolunun ifaçısı gənc aktyor Zaur Terequlovu xüsusi qeyd etmək lazımdır. Gah Şeytanın təcəssümü, gah digər personajları idarə edən Kuklaçı, insan talelərinə öz düzəlişini verən biri kimi görünən Aparıcı rolunda çıxış edən aktyor qrimi, jestləri, cilalı hərəkətləri, səs tembrini dəyişməklə indiyədək filmlərdə gördüyümüz İblis obrazlarından bəhrələnməyi bacarıb.
Təbii ki, “Şeytan əməlləri”nin fərqli, mükəmməl tamaşa halına gəlməsi müəllif, quruluşçu rejissor və aktyorlarla yanaşı dekor və geyim üzərində çalışmış rəssam Valeri Polunovskinin (Rusiya), videoinstalyasiyanı qurmuş Aqil M.Quliyevin, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovun əməyi şəksizdir. Konsert salonlarında o qədər də çox eşitmədiyimiz Maks Rixter, Stelvio Çipriani, Cüzeppe Tartini, Rixard Vaqner və Aleksandr Skryabinin əsərlərindən seçmələr tamaşada səslənir.
Adətən “Şeytan əməlləri” sayaq tamaşalara tamaşaçının marağı kütləvi olmur. Gerçəkdən də bu tamaşa düşünmək, dünyanın gərdişini anlamaq, qəlbinin ziyasını iblisanəlikdən qorumaq istəyən tamaşaçı üçündür. Seyrdən sonra da günlərlə baxdığı tamaşa barədə dürlü düşüncələrə dalmaq istəyən tamaşaçı təkcə gözləri ilə deyil, həm də qulaqları, qəlbi və düşüncəsi ilə “Şeytan əməlləri”ni seyr etməlidir.
Hər pyes dramaturqun sualı, hər tamaşa isə rejissorun həmin suala cavabıdır. Odur ki, Elçin dramaturgiyasında heyrət dolu “bəşər övladı niyə şeytana uysun” absurd suala Kamran Şahmərdan təmkinli, müəyyən qədər də soyuqqanlı (biganə də demək olar) cavab verir: “dünya belədir, qardaşım: qəbul etsən də, sevsən də, inkar etsən də...”.
Gülcahan MİRMƏMMƏD