Əfqanıstan, Yunanıstan və Meksika səfirləri ilə görüşdə bu barədə razılıq əldə olunub
Mayın 15-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın ölkəmizdəki səfirləri ilə görüşüb.
Meksika Birləşmiş Ştatlarının səfiri Rodriqo Labardini, Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos və Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Xeyrullah Spelanay ilə görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.
Nazir Əbülfəs Qarayev diplomatlara hər iki ildən bir ölkəmizdə təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu və bu ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verib. Azərbaycanın Dünya İrs Komitəsinə sədrliyinin əhəmiyyəti vurğulanıb.
Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə fəaliyyət planının hazırlanması barədə razılığa gəlinib.