“Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Xalça Muzeyi tərəfindən Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilib. Eksponatlar barədə qeyd olunan məlumatlarda xalçaların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.
Qeyd edək ki, bu düzəlişə qədər Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ölkəmizə aid eksponatların istehsal yeri kimi Azərbaycan qeyd olunmamışdı. Bununla əlaqədar Azərbaycan Xalça Muzeyi tərəfindən Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət edilmişdi.
Daha sonra konstruktiv danışıqlar nəticəsində muzeylər arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri quruldu. Bu əməkdaşlıq nəticəsində ilk olaraq cari ilin aprel-may aylarında adıçəkilən muzeylərin birgə təşkilatçılığı ilə “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı sərgi keçirildi. Sərgidə hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ilk eksponatı olan, XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli” xalçası da təqdim olundu.
Həmçinin Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən xalça və xalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılıb. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına artıq əlavə olunub.
Onu da qeyd edək ki, Rusiyanın çox ziyarət edilən mədəniyyət ocaqlarından Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan sənətkarları tərəfindən yaradılan mükəmməl dekorativ-tətbiqi sənət nümunələri saxlanılır və daimi ekspozisiyada sərgilənir.