ulu Azərbaycan mədəniyyətinə duruxmaz-xıxmaz sənət “Karvan”ı bəxş etmiş Soltan Hacıbəyov...
Ərz edim ki, bu yazımın başlığını “Hacıbəylilər Soltanı” (“sultan” anlamında) kimi vermək xəyalına da düşdüm...
O başlıqdan daşınmağımın “baiskar”ı bu bəstəkarın öz şəcərə doğması – ümumtürk-ümummüsəlman musiqi mədəniyyətinin (tək elə musiqimi?!) şahənşahı Üzeyir bəy Hacıbəyli...
Məncə, bu növbəti Hacıbəylilər dahisinin özü də, öz ecazkar “Karvan” imza-sarbanlığıyla, dibsiz keçənəklərimizdən sonsuz gələnəklərimizə səfər edən Azərbaycan musiqi mədəniyyəti qatarına lokomotivlik haqqına layiq çağdaşlarından bir neçəsinə “mane” olub...
Konkret bir sənətkarla bağlı (və sırf mədəniyyət ehtivalı) bu “maneələr” məni qısa sürəlik “milli siyasət” mövzusuna çəkdi.
Belə ki, düz yüz ildir (1918-dən) azı major, çoxu minor notlarla yola verdiyimiz mayların 101-cisinə təsadüf edən bu yazımı “inşallah, 1919-unku aydınlığa aparar” ümidilə, bir qədər “xronoloji” giriş və bir neçə “sosioloji” sualla davam etmək istəyirəm. Həm də bu böyük bəstəkarın başa çatdıra bilmədiyi bir operasındakı doqquz dəqiqə yarımlıq “Karvan” simfonik parçasının əsrarəngiz melodiyaları fonunda. Gümanımca, bu yazı da elə o xronometrajda olacaq.
Musiqisevərlər –
Şuşa kökənli
Soltan Hacıbəyovun 8 may (1919) doğumlu olduğunu yaxşı bilir, həssas oxucularımızsa bu yazının nədən 9 gün sonraya saxlanıldığının fərqində olmamış olmazlar, yəqin. Bəs, bu fərdi “gecikim”imizə səbəb olan o məlum və müəmmalı ictimai “Şuşa İŞĞALI” günlərinin artıq 10 000-ə çatmasına (özü də “Karvan”dakı möhtəşəm polifonik dinamikaya qeyri-adekvat ritmlərlə) 5-10 həftə qalması məsələsi necə? Yəni, bəyəm biz hamılıqlamı bu toplumsal “hesab”atın, milli-deqradativ gedişatın fərqindəyik? Xüsusən də, maraqlıdır, görəsən, son vaxtlar antoqonist “tərəf”lərə bölünüb, elektron media-məkanımızı işğal etmiş siyasətpərvər müsahiblər ordusu, hətta bəzi biznespərvər mühasibləri belə narahat edən bu haqq-“hesab”ın neçəyə başa gəlməsi və nəyə “bərabər”liyi haqda da düşünürmü? Ya bəlkə, 10 000 gündür “debatda mən uddum!” eyforiyası, “məndən ötdü, opponentimə dəydi!” “qələbə”silə kifayətlənib, Qarabağ adlı bu növbəti, ən yeni ərazi qırığımızı da tarixi İrəvan-Zəngəzursayağı ümummilli heysiyyət qırıqlıqlarımız “bank”ına ərməğan etmək istəyirik?...
Yazılı arxivlərimzə baxaq, yaralı yaddaşlarımızı oyadaq, ötən yüzilliyin ilk onilliyindəki mətbu oyanış dinamikasını, publisistika hədəflərini xatırlayaq, sonrakı bolşevizm repressiyası, sosializm və müharibə “beşillik”ləri erasını saf-çürük edək və görək elementar müqayisələr nə söyləyir? Bu xəyali söyləntilərdən biri də bu deyilmi ki, ovaxtlar o baba-sənətkarlar o sayaq təbliğ-təşviqati sənət əsərləri yarada bilirdilər, öz müstəqil beşilliklərimiz və doğma (!) müharibəmizdə isə bu sayaq...
Bu an müasir şairlərimizdən birinin “Tütək neyləyibsə canavarı da, Sürüdən uzaqda yuxu tutubdur” misralarını bu mətləbə epiqraf gətiribən deyim ki, bizim o çağ ədib-bəstəkar-rəssam babalar necə yazıb-bəstələyib-çəkirdilərsə, ovaxtkı əsgər-zabit-komandir babalar da (əslində, üç-dörd il öncə milli qaymağını repressiya maşınına verib, ayranlaşdırılmış Azərbaycan xalqının milli mənafeyi üçün “bir köynək uzaq” olan) 1941-45 müharibəsini müqəddəs savaş hesab edirdilər. Bu “hesab”dakı xallardan bir neçəsi də Soltan Hacıbəyova məxsus. Bu müəllif o müdhiş repressiya faktlarını, kiçik əmioğlu Ceyhunun mühacirət həyatı seçiminə görə, böyük əmioğlu Üzeyir bəyə hər fürsətdə edilən təzyiqlərə baxmayaraq, sadə azərbaycanlı əsgərlərin çoxmillətli sovet döyüşçüləri arasında öz milli mənsubiyyətlərini daha da ucaltmaları üçün dillər əzbəri olan “Döyüşçü nəğməsi”, 416-cı Taqanroq diviziyasına ithaf etdiyi “Marş” və digər ruhlandırıcı əsərlər yazmışdı.
Sənət də bəşərin ən qədim olayı, əbədi görəvidir, siyasət də. “Müharibə”ni də bu paralelə daxil etsək, sənət adamları xalqı daim ayaqda saxlayan, hər “qarşılıq”da qələbə hissi təbliğ-təşviq edən düşüncə müharibəsi aparmalıdırlar...
Bax bu an –
Fondakı –
ilahi-idillik musiqi taktlarının ən yuxa, ən incə-inci bir məqamı fikrimi ...həm də riyalar, qəlp işdəklər iksirli siyasətdən alıb, ziyalar, qəlb-könül mayalı sənət aləminə yönəldir.
Bəli, qeyri-adi istedad yoğurumlu Hacıbəylilər şəcərəsinin bu növbəti isimi bizim milli musiqi mədəniyyətimizi ümumdünya arenasında da şöhrətləndirməkdə olanlardandır. Özü də, belə demək mümkünsə, “altruist” qismində; istedad və qeyri-adi qabiliyyətinə bələd olan SSRİ-nin “məzlum” xalqlarından birinin sifarişilə.
Belə ki, “Kəminə və Qazı” dastanını operalaşdırmaq qərarına gələn Türkmənistan Opera və Balet Teatrının rəhbərliyi bunu layiqincə reallaşdırası bəstəkar sorağına çıxır. Məşvərət-məsləhətçilərin əksəri otuz il əvvəl Özbəkistanın ilk dövlət himnini yazmış “Üzeyir Hacıbəyli fenomeni” üzərində qərarlaşsa da, “çoxmissiyalı dahi ağsaqqalın uzun yollar get-gəlinə” qıymayan musiqi mütəxəssisləri, hələ tələbəliyində bir kantata və “Qızılgül” operettası yazmış “Soltan Hacıbəyov” adı üzərində dayanır. Lakin (təfərrüata varmadan desək), yalnız bir neçə şəkil, ariya və digər parçalarını yazdığı bu əsər “bəzi səbəblərdən” başa çatdırılmamış qalır...
Ancaq nə yaxşı ki, həmin o “alınmayan” operanın mayasından “ağca maya”, “əsrik nər” kimi epitetlərlə də yad edilən canlı “nəqliyyat” obrazları ehtivalı bir simfonik parça boy verir...
Mədəniyyət, sənət, incəsənət, zər-zəriflik yükü altında uzun yolları yaxın, xəyalları canlı baxım edən dəvələr...
Eşidirsiz, - bu nəğmə-lövhənin üçüncü keçidindəki xiffət dolu sədanı? Uzun-uzun yollardan yorulub... dayanıb... üzügeri baxınıb... bozlayan əsriyin səsini? Yox, bu lövhə tək elə hissi-duyğusal gözəllik vəsfi, estetik harmoniya səpki-sərgisi deyil, bu SƏFƏR (doğal “predmet”i ticari olsa da) tarixi-toponomik məskənlər, ümumbəşəri mədəniyyət-mənəviyyat aynalanmasıdır. Biri-birindən nəfis, səlis, ahəngdar xallar... Gah yupyumşaq, gah nər zərbli taktları ovsar-ovsar qafiyələnmiş... Tarix notlu keçidlərinin hələ istisi soyumamışları Ovşar-Ovşar, üzügeriyə işarəliləri bir-birinə Səfəvi-Səfəvi, Səlcuq-Səlcuq, Hun-Hun, Orhon-Orhon, Altay-Altay zəncirlənmiş... Neçə-neçə alayı-dolayı obrazları yüzcürlənib, xəyalları mincürlənmiş... Ustadlar dilindən, qopuzlar simindən qopan dastanların, müqtədir rəssam fırçalarının, dahi ədib qələmlərinin araya-ərsəyə gətirəmməyəcəyi bu lövhələrin, bu şəfa-səfalı “do-re-mi-fa”ların müşayiətilə gah pəncələrinin uclarını, gah dabanlarını qum-səhralara vura-vura, gözlərini tufan-tozlara yuma-yuma irəliləyən, “sünbülündən su daman” zəmilərə, göyərtəsi “tufandan çıxıb sahil görmüş” sevinərlərlə dolu gəmilərə bənzər karvanların böyük sənət təcəllası –
“Karvan”!...
Epoxal bir nasirlik, ümumbəşər dilli şairanəlik, qlobal sentimentallıq və... lütfən, əcəm-ərəb səpkili mentallıq!..
Hamısını cəmləşdirib sadalamağın çətin olduğunu etiraf edibən deyim ki, bu qədər nüansları bir simfonik parçada peyzajlayıb-portretləşdirmiş bu sənətkar onda hələ 30 yaşına yetməmişdi. Bu əsərin oyatdığı təsəvvür-təəssüratların yaşı isə bu müəllif yaşı rəqəmlərinin ardına artırılmış bir neçə sıfırlı illər, hətta, bəlkə təkər kəşfi erası qədər və ondan öncəki nər-nəqliyyat aləmi sədalarına bənzər...
Maestro Niyazinin dirijorluğu ilə lentə alınan və dayanıb-durmaz dünya səyahəti başlayan bu əsər zaman-zaman Azərbaycan ünvanına ürəkdolusu “bravo!”lar gətirmişdir ki, onlardan ən yığcamı ABŞ-ın məşhur skripkaçısı S.Hortun məktubu: “Sizin əsərləriniz çox gözəl, çox cazibədardır. “Karvan”ınız isə tamamilə dünyəvidir! Qədim dünyadakı karvanların ən əntiqyüklüsü hesab etdiyim bu əsərin gözəl instrumentovkası da bir aləmdir! Həyat eşqilə dolu bu əsəri biz (Çikaqonun “Evanston” orkestri) böyük məhəbbətlə ifa etdik...”
Bu sənətkar –
musiqi mədəniyyəti tariximizə özünəməxsus istedadı, “ali pedaqoq məharəti”, kristal ictimai xadim nüfuzu ilə daxil olub, mətbuatda “not-peyzaj ustadı”, “ən ibtida xəyalatlar oyadan canlı bayatı” epitetlərilə anılıb. Yaradıcılıq yoluna 30-cu illərin axırlarında qədəm qoymuş bəstəkar, elə ilk taktlarından etibarən, “səsi sonralar çıxası” Q.Qarayev, Niyazi, F.Əmirov kimi gənc istedadlar nəsli içərisində də seçilib. Bu “azman uşaqlar” böyük “Üzeyir bəy Səltənəti”ndən dünyəviliyə çox ertədən pərvazlanaraq, hər biri özgür sənətkar ad-odasına yiyələnib.
Musiqi texnikumu tələbəsi ikən teatrda dirijor kimi də çalışan Soltan bəstəkarlığa da konservatoriya müdavimiykən başlayıb və elə ikinci əsəri (“Qızılgül”) böyük uğurla tamaşalanıb. Ali təhsil illərində sürətlə püxtələşib, müxtəlif janrlara müraciət edib. İki prelüd, fortepiano üçün sonata, “Çiçəklərin söhbəti” və digər gözəl mahnılar, neçə-neçə romanslar, simli kvartet, simfonik variasiyalar yazıb. I və II simfoniyaları isə həmin dövrün eynijanrlıları arasında daha parlaq yer tutub. 1950-ci ildə bütün Sovet mütəxəssislərinin yüksək qiymətləndirdiyi “Gülşən” baletini, sonralarsa, adları qulağa, ladları qəlbə xoş ovqatlar aşılayan uşaq nəğmələri (“Oynaq topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi” və s.), mətbuatda Nizami “İsgəndərnamə”sinin “şipşirin uşaq dilli nağılı” kimi dəyərləndirilən “İsgəndər və çoban” operasını yazıb. Bu gün də sevə-sevə izlənilən “Əliqulu evlənir” (habelə, “Məhəbbət”, “Kəndçi qızı”, “Eşq və intiqam” və s.) kimi tamaşalara yazdığı musiqilər isə ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
Və sonda belə bir şəxsi qənaət: 28 yaşından konservatoriyada müəllim, 5 il filarmoniyanın bədii rəhbəri, direktoru, 1969-dan ömrünün sonunadək konservatoriyanın rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən, 1974-də dünyasını cismən dəyişən bu sənətkar sonraların saysız-hesabsız imza-notları içərisində “ilk beşlik” şöhrətilə yaşamaqda...
Tahir ABBASLI