Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında şair, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rzanın anadan olmasının 80 illiyinə həsr olunmuş “Nə yaxşı görüşdük, nə yaxşı yenə...” adlı tədbir keçirildi.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yolu haqqında videoçarx nümayiş olundu.
Tədbirdə professor Qəzənfər Paşayev çıxış edərək tələbəlik yoldaşı Ənvər Rza ilə bağlı xatirələrini bölüşdü, onun gözəl şairlik qabiliyyəti ilə yanaşı, tərcüməçilik, alimlik fəaliyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, o, qısa ömür yaşasa da, qəlblərdə daim yaşayacaq.
Həkim Əli İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları şairin həyat və yaradıcılığından söhbət açdılar. Bildirildi ki, Ənvər Rza bütün varlığı ilə vətənə, elə, yurda, insanlara bağlı olduğu kimi, gülə-çiçəyə, təbiətə də ürəkdən bağlı idi. Onun ömrü çox insanlara örnək idi. O, qayğısını və köməyini heç kimdən əsirgəməz, adı gələndə, böyükdən-kiçiyə hamı ona məhəbbət bəsləyirdi.
Qeyd edildi ki, Ənvər Rza 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində dünyaya gəlib. Sağlığında iki, ölümündən sonra isə bir kitabı nəşr olunub. O, Bayron, Şelli, Lonqfello və Şekspirin bəzi əsərlərini orijinaldan dilimizə çevirib. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini ingilis dilinə çevirib və bütün dünyaya yayıb. Təəssüf ki, amansız ölüm onu tez haqlamışdı, 1987-ci ildə vəfat edib.
Vurğulandı ki, hamımızın illərlə sevə-sevə qulaq asdığımız “Elə baxma, gözlərinə göz dəyər” mahnısının sözləri də Ənvər Rzaya məxsusdur. Onun hər hansı bir şeirinə nəzər salsaq görərik ki, bir şair kimi hər misrasının, hər bir sözünün məsuliyyətini daşıyıb. Sanki dahi bir rəssam kətan üzərində heyrətli bir əsər yaradıb. Bu şeirlərdə çəmənlərin ətrini, gül-çiçəklərin rayihəsini, torpağın qoxusunu duyursan. Şair dərddən danışdığı şeirlərində də dərdin özünü, rəngini, iniltisini açıq-aşkar sənə yaşadır.
Tədbirdə Ənvər Rzanın sözlərinə yazılmış mahnılar da səsləndirildi. Sonda şairin oğlu Pərviz Rzayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
FARİZ