Qədim türk daş kitabəsi olan Bilge Tonyukuk abidəsinin 1300 illiyi UNESCO-nun 2020-2021-ci illər üzrə yubileylər proqramına təqdim edilib.
UNESCO üzrə Türkiyə Milli Komissiyasından verilən məlumata görə, 2020-ci ildə Bilge Tonyukuk abidəsinin 1300 illiyinin qeyd edilməsi ilə bağlı təqdimat eyni zamanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə irəli sürülüb. Monqolustan ərazisində yerləşən Bilge Tonyukuk daş kitabəsi (720-725-ci illər) VIII əsrə aid Göytürk yazılı abidələrindən biridir.
Həmçinin 2021-ci il üçün Türkiyənin təklifi Azərbaycan, İran İslam Respublikası, Şimali Makedoniya və Rumıniyanın dəstəyi ilə Hacı Bektaş Vəlinin vəfatının 750-ci ildönümü və Azərbaycan, Bosniya-Herseqovina, Şimali Makedoniya və Özbəkistanın dəstəyi ilə Yunus Əmrənin vəfatının 700-cü ildönümü də UNESCO-nun yubileylər proqramına təqdim edilib.
Bundan əlavə, Azərbaycanın təklifi, Gürcüstan və Türkiyənin dəstəyi ilə 2021-ci ildə məşhur alim Lütfi Zadənin anadan olmasının 100 illiyinin də UNESCO səviyyəsində qeyd olunacağı gözlənilir.
Qazaxıstan, İran İslam Respublikasının təklifi və İraq, Rusiya Federasiyası və Türkiyənin dəstəyi ilə alim və filosof Əbu Nasir Fərabinin (Əl-Fərabi) doğumunun 1150-ci ildönümü, Qazaxıstanın təklifi, Rusiya Federasiyası, Tacikistan və Türkiyənin dəstəyi ilə Çimkənd şəhərinin 2200 illiyi də təkliflər sırasında yer alıb.
Qeyd edək ki, UNESCO İcraiyyə Şurasına verilən bu təqdimatlar noyabr ayında qurumun Baş Konfransında təsdiqlənəndən sonra rəsmiləşəcək.
Mehparə SULTANOVA
Ankara