Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə daha bir tədbir Qobustan Milli Tarix-Bədii Qoruğu və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
“Keçmişə sənət səyahəti” adlı tədbirdən öncə qoruğun direktoru Vüqar İsayev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb.
Vurğulayıb ki, bu münasibətlə bütün muzeylərdə, qoruqlarda “açıq qapı” günü elan olunub. Biz də Dövlət Kukla Teatrı ilə birlikdə maraqlı proqram da hazırlamışıq.
V.İsayev qeyd edib ki, Azərbaycana təşrif buyuran turistlərin əksəriyyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edirlər. Bu ilin yanvar ayından Qobustana gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib.
Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur.
Qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklərə baxıb, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramını izləyiblər. Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət proqramda yerli və beynəlxalq sənət müsabiqələrində mükafatlar qazanan uşaqlar çıxış ediblər.