Mayın 19-da Heydər Əliyev Sarayında Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Atatürkü Anma, Gənclik və İdman Bayramı”na həsr edilmiş konsert proqramı keçirilib.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bayramın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 100 il əvvəl – 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürkün Samsunda başlatdığı milli mücadilə yeni Türkiyə dövlətinin – Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndi: “Ancaq qurtuluş savaşı hər bir türkün içində eyni istəklə davam edir. Çünki dövləti, vətəni hər zaman müdafiə etmək millətin borcudur”.
Bildirilib ki, millət bir-birinə sahib çıxdıqca hər zaman güclü olacaq. 19 may 1919-cu ildə bütün türk milləti bir yumruq oldu və bunun sayəsində vətəni işğal edən düşmənləri ölkəsindən qova bildi: “Biz bütün çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilərik. Bir araya gəldikcə bu gün nələrə qadir olacağımızı birlikdə görə biləcəyik”, - deyə səfir vurğulayıb.
Bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin doğum günlərinin qeyd edildiyini diqqətə çatdırıb.
Sonra konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Bakıdakı Atatürk və Türkiyə Dəyanət Vəqfi liseylərinin şagirdləri milli geyimlərdə rəqslər edib, müasir musiqi nömrələri səsləndiriblər.