Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fransaya səfəri çərçivəsində Fondun üzv dövlətlərinin səfirləri ilə görüşlər keçirib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Türkiyə səfiri İsmail Hakki Musa, Qazaxıstan səfiri Jan Qaliyev, Qırğız Respublikasının səfiri Muktar Djumalaev ilə keçirilən görüşlərdə Günay Əfəndiyeva türk dünyasına xas mədəniyyətin, irsin mühafizəsi və tanıdılması yönündə həyata keçirilən layihələrdən bəhs edib. Fondun fəaliyyətində təşkilata üzv ölkələrin aktiv rolu qeyd edilərək, birgə tədbir və layihələrin keçirilməsi ilə əlaqədar dəstək ifadə olunub, mövcud əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində G.Əfəndiyevanın UNESCO-nun Baş direktorunun müavini Firmin Eduard Matoko ilə görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə UNESCO arasında mədəni irsin mühafizəsi istiqamətində gələcəkdə birgə əməkdaşlıq müzakirə edilib.