İlham Rəhimlinin kitabları təqdim edildi 

Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü İlham Rəhimlinin kitablarının təqdimatı keçirildi.

Ömrünü Azərbaycan teatr tarixini araşdırmağa həsr etmiş tanınmış sənətşünas kitablarının sayına görə bəlkə də dünya üzrə həmkarları arasında rekordçudur. İndiyədək onun 98 kitabı nəşr olunub, daha iki kitabı isə çap prosesindədir.

Budəfəki tədbirdə isə İlham Rəhimlinin 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”, 5 cildlik “Azərbaycan teatr tarixi”, 3 cildlik “Sənət fədailəri”, “Gəncə teatrı”, “Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında” kitabları, həmçinin “Abbas Mirzə Şərifzadə”, “Ağasadıq Gəraybəyli”, “Mustafa Mərdanov”, “Kazım Ziya”, “İbrahim Həmzəyev”, “Həsənağa Turabov”, “Məmmədrza Şeyxzamanov”, “Mehdi Məmmədov”, “Mərziyə Davudova”, “Nəsibə Zeynalova”, “Fatma Qədri”, “Barat Şəkinskaya”, “Rza Təhmasib”, “Hökumə Qurbanova” və “Habil Əliyev” monoqrafiyaları təqdim edildi.

Təqdimat mərasimini açan universitetin rektoru, professor Ceyran Mahmudova İlham Rəhimlinin təhsil ocağının kitabxanasına hədiyyə etdiyi kitablardan tələbə və müəllimlərin bəhrələnəcəyini vurğuladı. İlham Rəhimlinin arxivlərdə işləməkdən yorulmadığını, teatr tarixinə dair hər bir faktı həvəslə araşdırdığını deyən rektor bildirdi ki, o, 3 cildlik “Azərbaycan teatr ensiklopediyası”nı, 5 cildlik “Azərbaycan teatr tarixi”ni təkbaşına yazmaqla böyük bir elmi kollektivin işini görüb. Rektor tədbirdə iştirak edən tələbələrə İlham müəllimdən zəhmətsevərlik və teatr naminə çalışma sevgisini örnək almalarını tövsiyə etdi.

Universitetin prorektoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə tələbəlik dostu İlham Rəhimlinin arxivlərdə işləmək əziyyətinə qatlaşma hünərindən bəhs etdi. Bildirdi ki, bugünkü tələbələrin əlində milli teatr tariximizə dair istənilən qədər material var və onlar Azərbaycan teatrının tarixini müxtəlif aspektlərdən  araşdırmaqda çətinlik çəkməyəcəklər.

Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə də İlham müəllimin müəllifi olduğu “Azərbaycan teatr ensiklopediyası”nı yüksək qiymətləndirdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov isə vurğuladı ki, bir qayda olaraq tarix yazıldıqdan sonra nəzəri araşdırmalar mərhələsi gəlir. Buna görə də İlham Rəhimlinin adıçəkilən və çəkilməyən onlarla kitabı, monoqrafiyası sonrakı teatrşünaslar nəsli üçün mənbə rolunu oynayacaq.

Yazıçı-publisist Aqşin Babayev, yazıçı-dramaturq Əli Əmirli, İlham Rəhimlinin bir neçə kitabının redaktoru olmuş teatrşünas Atababa Hacıbabayev, universitetin prorektoru, professor Gülşən Əliyeva-Kəngərli, elmi katibi Fatimat Məmmədova İlham Rəhimlinin zəhmətini yüksək qiymətləndirdilər, ona cansağlığı, Azərbaycan teatrı naminə fəaliyyətində bundan sonra da uğurlar arzuladılar.

GÜLCAHAN