Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirildi.

Auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyi gücləndirmək məqsədilə təşkil olunub.

Hərraca Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun “İnqermandland” adlı Rusiya imperatoru I Pyotr dövrünə aid döyüş gəmisinin maketi çıxarılmışdı.

Mərasimdə jurnalistlərə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi: “İlk dəfədir ki, Azərbaycanda beynəlxalq tələblərə uyğun olaraq rəssamların əsərləri auksion vasitəsilə satışa çıxarılır. Bu proses ölkəmizin yaradıcılıq sənayesinin inkişafı baxımından çox önəmli bir hadisədir. Hazırda dünyada yaradıcılıq sənayesi vasitəsilə böyük maliyyə imkanları əldə edilir”.

Nazir vurğuladı ki, gələcəkdə Azərbaycan rəssamlarının əsərləri nəinki ölkə daxilində, həmçinin xaricdə də keçirilən auksionlarda iştirak edə bilər. Bu təşəbbüs dəstəklənəcək və gələcəkdə bu kimi auksionlar mütəmadi keçiriləcək.

Hərracın başlamasından öncə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək tədbirin ölkəmizin sənət tarixində əlamətdar hadisə olduğunu dedi. Bildirdi ki, “Auction Baku” MMC bundan sonra da bu cür hərraclar gerçəkləşdirəcək. Təqdim olunan əsərlər Azərbaycanın tanınmış rəssamlarının işləridir. Auksiona çıxarılan əsərlərin hamısı şəxsi kolleksiyalarda yer alır.

Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.

Rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərracda 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapdı. İlk auksionda ümumilikdə beş lot satıldı. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri oldu.

Auksionda xalq rəssamları Böyükağa Mirzəzadənin “Səhnə arxasında”, Maral Rəhmanzadənin “Göl”, “Lənkəran” tabloları, həmçinin Tofiq Cavadovun “Kamal Əhmədin portreti” və başqa əsərlər təqdim olunurdu.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 500-70 000 manat arasında təyin olunmuşdu.

FARİZ