Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qızıl pillə” adlı milli kinofestival təsis edib.

İttifaqın mətbuat xidmətindən bildirilib ki, festivalı keçirməkdə məqsəd ölkəmizdə milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

Festivalın iki ildən bir, noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Festivalda son iki il ərzində ölkəmizdə istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək, müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediləcək.

Müsabiqənin şərtləri haqqında ətraflı məlumatı ittifaqın saytından (arki.az) əldə etmək olar.