Prezident İlham Əliyev mayın 17-də Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr verib. Ədibin əsərlərində müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilib, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapıb.

Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.