Mayın 18-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və Qara Qarayevin ev-muzeyinə media-tur təşkil olundu. Media-turda ölkəmizin 40-a yaxın kütləvi informasiya vasitəsinin nümayəndələri iştirak edirdi. Tədbirin əsas məqsədi muzeylərə, mədəniyyət ocaqlarına ictimaiyyətin diqqətinin artırılması, xalqımızın mədəni sərvətlərinin daha geniş təbliğ olunmasıdır.

 

İlk dayanacaq – Qobustan qoruğu

 

Tədbir iştirakçıları qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxdılar. Məlumat verildi ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə Daş dövründən Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olundu ki, Qobustandakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib və 2012-ci ildə istifadəyə verilib. O da diqqətə çatdırıldı ki, Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

 

Dahi bəstəkarın ev-muzeyində

 

Turun növbəti istiqaməti Qara Qarayevin ev-muzeyi oldu. Dahi bəstəkarın yaşadığı mənzillə tanış olan mətbuat nümayəndələrinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey 2018-ci ildə, Qara Qarayevin anadan olmasının 100 illiyində istifadəyə verilib. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb, gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur “Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb.

Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkan kimi ölkəmizin musiqisevərlərinin ziyarət etdiyi əsas yerlərdən birinə çevrilib.

 

Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanışlıq

 

Turun son dayanacağı R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Muzeylə tanış olan media nümayəndələrinə mədəniyyət ocağı haqqında geniş məlumat verildi.

Qeyd olundu ki, ötən ilin sonlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusunun açılışı olub. Bu korpusda da aparılmış təmir, bərpa və bədii tərtibat işlərindən sonra muzey eksponatları ziyarətçilərin üzünə açılıb.

Muzey son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir.

Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, rus, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür.

FARİZ