Hamı gözəllik axtarır. Hətta ilk baxışdan gözəlliyə biganə kimi görünənlər belə. Sadəcə, insanların bir qismi bu gözəlliyi özləri yaradırlar, ikincilər başqalarının həmin gözəlliyi onlar üçün yaratmağını istəyirlər, üçüncülər isə ...

Təəssüf ki, üçüncülər fiziki məhdudiyyətlər üzündən bəzi gözəllikləri yaratmaqdan məhrumdurlar. Və nə yaxşı ki, bu halda onların köməyinə yetişənlər var. Əminik ki, mayın 22-də Azərbaycan Xalça Muzeyində keçirilən “Həyat gözəldir” musiqili-ədəbi gecəyə dəvət edilmiş hər kəs bu hisləri yaşadı. Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, yaradıcı insanlar və tanınmış ziyalılar iştirak edirdi.

Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Söz” ədəbi layihəsinin bundan öncə də birgə maraqlı tədbirləri az olmayıb. Amma budəfəki layihənin özəlliyi onda idi ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyi də onun iştirakçıları arasında idi.

İstedadlı gənclərə dəstək olan, onları ədəbi mühitə və ictimaiyyətə tanıdan “Söz” layihəsi bu dəfə fiziki məhdudiyyətli istedad sahiblərinə dəstək oldu. Bu ədəbi-bədii gecə üçün məkan olaraq Xalça Muzeyinin seçilməsi də təsadüfi deyildi. Muzeyin ən son texnologiyalarla təchiz olunmuş binasında eksponatlara əl ilə toxunmaq, audioyazı, eləcə də Brayl əlifbası ilə hazırlanmış yazılı materiallar vasitəsilə tanış olmaq imkanı onun qapılarını hər kəsin üzünə açır, bütün ziyarətçilərə muzeydən zövq almaq üçün şərait yaradır.

Qonaqlar əvvəlcə sağlamlıq imkanları məhdud insanların əl işlərindən ibarət sərgi ilə tanış oldular. Gənc xanəndə Suma Tapdıqovanın  “Həyatım muğamla bağlıdır” diski, Elman Süleymanovun “III dünya müharibəsi” kitabı  da satış-sərginin eksponatları arasında idi.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq  iştirakçıları salamladı, muzeyin bu istiqamətdə gördüyü işlər barədə məlumat verdi.

“Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə isə bu layihənin həm də potensial xeyriyyəçilərin diqqətini cəlb etmək, hər hansı fiziki məhdudiyyət üzündən kimsənin həyatdan zövq almaq, öz istedadını göstərmək və onun bəhrəsini hiss etməkdən məhrum olmadığını sübuta yetirmək məqsədi daşıdığını dedi.

Gecədə ilk çıxış edən Murad Sadıxın oxuduğu “Hiss et” mahnısı da layihənin məramına tam uyğun gəlirdi. Muradın ifasından sonra tədbirin aparıcılığı  “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təsisçisi, “ARB” televiziyasında “Biz birik” layihəsinin müəllifi Amid Həsənquliyevə həvalə edildi.   

Tədbirə Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin şagirdləri və məzunları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı, VII Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Suma Tapdıqova da öz musiqi töhfələrini verdilər. Şairlər İsmayıl Əhmədov, Nurlan Əsgərov, Əli Ələkbərov, Aygün Cabbarlı, Zəkəriyyə Qurbanov, Mansur Rəhimov şeirlərini oxudular.

GÜLCAHAN