Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə şəhər və rayonlarda oxucular arasında “Oxu bayramı” müsabiqəsi keçirilir. Müsabiqənin məqsədi mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaqdır.
Yasamal rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin qaliblərinin təltifolunma mərasimi olub. Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanaların müxtəlif yaş qruplarından olan oxucuları iştirak edib.
Fərqlənənlərə diplom, pul mükafatı, fəxri fərman və hədiyyələr təqdim edilib. Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi kitabxanasının fəxri oxucusu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy birinci yerə layiq görülüb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən mədəni-kütləvi tədbirlərdə, eyni zamanda “Oxu bayramı” müsabiqəsinin təşkilində fəal iştirakına görə 189-190 nömrəli tam orta məktəbin və 49 nömrəli “İntellekt” məktəb-liseyin şagirdləri də fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
* * *
Quba şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Oxu bayramı” keçirildi. Tədbirdə idarənin rəisi Nazim Ağayev, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər.
Tədbirdə 175 adda 600-dən artıq kitab, kitabxanaya yeni daxil olmuş nəşrlər nümayiş olunub.
Sonda “Oxu bayramı” müsabiqəsinin qalibləri mükafat, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.
* * *
Qusarda təşkil olunan “Oxu bayramı”nda da kitabxanaların fəal oxucuları mükafatlandırılıb. Doqquz fəal oxucuya mükafat verilib. Nəriman Nərimanov adına parkda açıq havada təşkil olunan mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.