Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Xalq artisti Ramiz Zöhrabovun 80 illiyinə həsr olunmuş elmi konfrans və mərhum alimin həyat və sənət yolundan bəhs edən “Milli musiqişünaslığımızın iftixarı” adlı kitabın təqdimatı oldu.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bildirdi ki, Ramiz Zöhrabov bu gün aramızda olmasa da, adı Bəstəkarlar İttifaqında həmişə xatırlanır: “O, sənət həyatında birinci növbədə musiqişünas-alim idi. Çox fəxrlə deyərdi ki, kitabları müxtəlif ölkələrdə nəşr olunub. Onun ölkəmizdə, habelə  Rusiyada, Türkiyədə, İranda çap edilən kitabları dolğun məlumatlarla zəngindir”.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki, Ramiz müəllim Azərbaycan bəstəkarlarının yaradıcılığına dair 20 kitabın, 350 elmi-publisistik məqalənin, eyni zamanda bir sıra musiqi əsərlərinin müəllifidir. Onun 1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”,  “Bəstəkarlarımızın portreti” kitabları musiqi ictimaiyyətinə yaxşı məlumdur. Tədbirdə daha sonra Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Seyidova, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, sənətşünaslıq üzrə fəlsəfə doktorları Bənövşə Rzayeva və Leyla Zöhrabovanın professor Ramiz Zöhrabovun musiqişünas alim və bəstəkar kimi yaradıcılığı barədə məruzələri dinlənildi.

Çıxışlarda o da vurğulandı ki, tanınmış alim bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olub.

Tədbirin bədii hissəsində R.Zöhrabovun “Uşaq lövhələri” süitasından “Tap görüm”, “Qavalla rəqs”, “Musiqi lövhələri” süitasından parça, B.Vahabzadənin sözlərinə bəstələdiyi “Hər gün”, “Məhəbbət yollarında” mahnıları səsləndi.

Sonda “Milli musiqişünaslığımızın iftixarı” kitabının tərtibçisi, mərhumun qızı Leyla Zöhrabova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi. Bildirdi ki, kitabda Ramiz Zöhrabovun müxtəlif illərdə ölkəmizdə və onun hüdudlarından kənarda dövri mətbuatda dərc olunan seçilmiş elmi-publisistik məqalələri və resenziyalar toplanıb.

Savalan FƏRƏCOV