Kventin Tarantino yeni filmini Kann festivalında təqdim edib
Filmləri həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanan məşhur amerikalı rejissor Kventin Tarantino uzun fasilədən sonra Kann festivalında yeni ekran əsərini – “Bir dəfə Hollivudda” filmini təqdim edib.
Kventin Tarantino 1994-cü ildə “Kriminal qiraət” filminin Kannda “Qızıl palma” mükafatı qazanmasından 25 il sonra yenidən festivala qatılıb. Filmdə rol almış məşhur aktyorlar Leonardo Di Kaprio, Bred Pitt və Marqo Robbi də premyeraya qatılaraq qırmızı xalı üzərindən keçiblər.
Ekran əsəri böyük maraqla qarşılanıb və nümayişdən sonra altı dəqiqə alqışlanıb.
Filmin süjeti 1969-cu ildə Hollivudda Çarlz Mensonun “Ailə” sektası tərəfindən həyata keçirilən qətllə bağlı hadisələr fonunda cərəyan edir. Sekta üzvləri məşhur rejissor Roman Polanskinin həyat yoldaşı Şeron Keyti (onu filmdə Marqo Robbi canlandırır) öldürürlər. Film baş qəhrəmanlar – tanınmış televiziya aktyoru Rik Dalton (Leonardo Di Kaprio) və onun dublyoru Kliff Butun (Bred Pitt) şou-biznes aləminə daxil olmaq cəhdlərindən bəhs edir.
Filmdə Al Paçino, Dakota Fanninq və başqa tanınmış aktyorlar da çəkilib. “Bir dəfə Hollivudda” iyulda dünya prokatına çıxacaq.
Bu, Kventin Tarantinonun sayca 9-cu filmidir. 56 yaşlı rejissor 10-cu filmini çəkəndən sonra kinodan gedəcəyini deyib.
SƏBİNƏ