Mayın 22-də Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı bədii filminin (quruluşçu rejissor Tofiq Tağızadə) yenilənmiş versiyada təqdimatı keçirildi.
Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fondun birgə təşkilatçılığı ilə “Balans” milli rəqəmsal studiyasında bərpa edilib.
Rejissor Vahid Mustafayev təqdimat mərasimində çıxış edərək bildirdi ki, ekran işi görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi münasibətilə bərpa edilib. Fransız yazıçısı Prosper Merimenin əsəri əsasında 1960-cı ildə çəkilən filmin bərpasına uzun müddət sərf olunub: “Biz bu işi davam etdirəcəyik. Filmlərimizin neqativləri Moskvada saxlanılır. Bizdə olan isə yalnız filmlərin pozitivləridir. Çalışacağıq ki, bütün filmlərimiz əlimizdə olsun. Onları daha yaxşı qorumalıyıq. Filmlər bu cür bərpa olunduqdan sonra onları yenidən neqativə çevirmək olur”.
Sonra filmin rəqəmsallaşdırma və bərpa proseslərini əks etdirən görüntülər nümayiş olundu. Bildirildi ki, 19 dəqiqəlik “Mateo Falkone” filmi ölkəmizdə ilk rəqəmsallaşdırılmış filmdir.
Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, xalq artistləri – teatr rejissoru Cənnət Səlimova, kinorejissor Oqtay Mir Qasım, Əməkdar incəsənət xadimi Ayaz Salayev və başqaları çıxış edərək film haqqında təəssüratlarını bölüşdülər.
Tofiq Tağızadənin ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev filmin yeni versiyada bərpasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə daha sonra “Mateo Falkone” qısametrajlı bədii filmi yenilənmiş versiyada nümayiş olundu.
Mateo Falkone həyat yoldaşı Cüzeppa və yeganə oğlu Fortunato ilə kiçik bir kənddə sakit həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Mateonun ailəsində faciə baş verir...
Qeyd edək ki, filmin ssenari müəllifləri N.German, Tofiq Tağızadə, operatoru Rasim Ocaqov, bəstəkarı Qara Qarayev, rəssamı Kamil Nəcəfzadə, rejissoru Rüfət Şabanovdur. Filmdə musiqiləri maestro Niyazinin idarəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib. Ekran əsərində Nodar Şaşıqoğlu, Tofiq Tağızadə, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yagizarov çəkilib.
FARİZ