Xəbər verdiyimiz kimi, Çinin Sian şəhərində I İpək Yolu Beynəlxalq Film Festivalı və bu tədbir çərçivəsində V Sian Beynəlxalq Video Filmlər Festivalı keçirilib. Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri genişləndirmək, kino istehsalı sahəsində əlaqələri dərinləşdirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub.

Ölkəmizdən rejissor Asif Rüstəmovun “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Axınla üzüaşağı” tammetrajlı və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmləri festivalda iştirak edib. “Mayak” filmi hər iki festivalın mükafatına layiq görülüb.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən Dövlət Film Fondunun direktoru Rasim Salmanov təəssüratını bizimlə bölüşdü. O, hər iki festivalda filmlərimizin nümayişinin Azərbaycan kino tarixi üçün əlamətdar hadisə olduğunu bildirdi: “Festival çərçivəsində film sənayesi sərgisi, müxtəlif forumlar təşkil edildi və filmlərə baxış oldu. Ən böyük kinoteatrlardan olan “Cinşa”da Azərbaycan filmlərinə baxış keçirildi. Baxışdan əvvəl Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov çıxış edərək ölkəmiz haqda festival iştirakçılarına ətraflı məlumat verdi. Azərbaycan kinosunun tarixindən və bu günündən söz açdı. Bildirdi ki, ölkəmizlə Çin arasında mədəni əlaqələrin möhkəmlənməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradır. Bu cür tədbirlər mədəni əlaqələrin genişlənməsinə töhfə verməklə yanaşı, kino sahəsində əməkdaşlıq üçün də yeni imkanlar açır”.
Həmsöhbətim rejissor Fariz Əhmədovun “Mayak” bədii filminin “Ən yaxşı ssenari” və “Tamaşaçı rəğbəti” mükafatlarına layiq görülməsini Azərbaycanın kino salnaməsinə yazılan daha bir uğur kimi dəyərləndirdi: “Filmlərin nümayişindən sonra tamaşaçılar Azərbaycanla və filmlərlə bağlı müxtəlif suallarla mənə müraciət edirdilər. Çalışırdım ki, tamaşaçıların suallarını cavablandıraraq onlarda ölkəmizin mədəniyyəti haqqında fikir formalaşdıra bilim. Bilirsiniz ki, “Mayak” filmi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran - 2011" layihəsinin qalibi kimi nazirliyin dəstəyi ilə çəkilib. Mən də filmin gənclərdən ibarət yaradıcı heyətinə kömək məqsədilə prodüserlərdən biri olmuşam. “Axınla üzüaşağı” filmini də tamaşaçılar maraqla qarşıladılar. Mükafatlandırma mərasimində dünya kinosunun tanınmış simaları, Çinin rəsmi şəxsləri, kinematoqrafçılar iştirak edirdi”.
Rasim Salmanov onu da qeyd etdi ki, son dövrlər Dövlət Film Fondunda işləri ilə bağlı yaradıcılıq fəaliyyətindən bir qədər uzaq düşüb. Film Fondda müəssisənin spesifik fəaliyyəti ilə yanaşı, müxtəlif tədbirlər, kino xadimlərimizin xatirə günləri, yeni ekran əsərlərinə baxış keçirilir. İlin sonuna qədər tanınmış kino xadimləri Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun 90 illik yubileylərinə həsr edilən tədbirlər nəzərdə tutulur.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar