Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Azərbaycan Televiziyası və Radiosu, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində 28 May – Respublika Gününə həsr olunmuş “Azərbaycanım” II Respublika uşaq rəsm festivalı keçirilib.
Festival çərçivəsində iki yaş kateqoriyasında (12 yaşa qədər və 12-17 yaş) təşkil olunan müsabiqələrin sərgiləri ötən həftə gerçəkləşmişdi. Həmin müsabiqələrdə fərqlənən uşaqların iştirakı ilə mayın 24-də “Azərbaycanım” II Respublika uşaq rəsm festivalının yekun tədbiri keçirilib.
Tədbir Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq havada canlı şəkil çəkmək – plenerlə başlayıb.
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov festival iştirakçılarını salamlayıb və bu kimi tədbirlərin əhəmiyyətindən danışıb. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov festival iştirakçılarına xoş arzularını çatdırıblar.
Plener bitdikdən sonra uşaqlar üçün Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunub. Sonra Xətai Sənət Mərkəzində uşaqların plenerdə çəkdikləri rəsmlərin qiymətləndirilməsi keçirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, Ceyran Rəhmanova birinci, Mehin Abbaslı II və Rəsul Osmanlı III yerlərə, habelə 12 nəfər iştirakçı həvəsləndirici mükafatlara layiq görülüb.
Festival bədii hissə ilə yekunlaşıb.