“Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və sevə-sevə izlədiyimiz digər filmləri lentə almış görkəmli kinooperator Xan Babayevin (1919-1967) anadan olmasının 100 illiyi münasibətilə mayın 24-də Dövlət Film Fondunda xatirə gecəsi keçirildi. Əvvəlcə qonaqlar fondun foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın milli kinomuzun inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, kinooperatorluq məktəbimizin parlaq nümayəndələrindən olan Xan Babayev çəkdiyi sənədli və bədii filmlərlə bu sahənin inkişafına töhfələr verib.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə X.Babayevin ömür və yaradıcılıq yollarından danışdı. Bildirdi ki, sənətkar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyarkən II Dünya müharibəsi başlayır. Onun döyüş yolu Polşa, Macarıstan, Çexoslovakiya, Rumıniya və Almaniyadan keçir. Göstərdiyi igidliklərə görə bir sıra orden və medallara layiq görülür. Ordudan tərxis olunduqdan sonra təhsilini görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında davam etdirir. 1950-ci ildə təhsilini başa vuraraq professional kinooperator kimi Bakıya qayıdır.

X.Babayevin ümumittifaq kinojurnalları üçün çoxlu süjetlər çəkdiyini deyən A.Kazımzadə sənətkarı həm də kinematoqrafda təbiətin tərənnümçüsü kimi xarakterizə etdi. Bildirdi ki, onun çəkdiyi filmlər bu gün də sevilə-sevilə baxılır. “Yenilməz batalyon” filmi operatorun işlədiyi son ekran əsəridir. Tədbirdə daha sonra əməkdar incəsənət xadimləri Rafiq Quliyev və Rafael Qəmbərov çıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşdülər. X.Babayevin filmlərinin əbədiyaşar ekran əsərləri olduğu vurğulandı.

Sonda sənətkarın qızı Lalə Babayeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Savalan FƏRƏCOV