Respublika Günü münasibətilə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları göndəriblər. Türk dünyasını əhatə edən qurumların rəhbərləri də Azərbaycanın dövlət başçısını təbrik edərək xoş arzularını, qarşılıqlı əməkdaşlıqla bağlı ürək sözlərini ifadə ediblər.
“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Respublikası ilə sıx mədəni əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, ümumtürk mədəniyyətinin və dəyərlərinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli mədəni əlaqələr bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın zəngin mədəni irsi TÜRKSOY-un xətti ilə keçiriləcək beynəlxalq tədbirlərdə bundan sonra da layiqincə təmsil olunacaqdır”, - deyə TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun məktubunda bildirilir.
“İnanıram ki, türkdilli ölkələr arasında mövcud olan əməkdaşlıq Sizin hərtərəfli dəstəyiniz sayəsində daha da inkişaf edəcək və güclənəcəkdir. Sizin təşəbbüsünüzlə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bir beynəlxalq təşkilat kimi hər zaman ortaq dəyərlərimizin qorunması və dünyada təbliğ olunması istiqamətində səylərini davam etdirəcəkdir” – bu sözlər isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın təbrik məktubunda yer alıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev də Azərbaycan rəhbərini Respublika Günü münasibətilə təbrik ediblər.