Mayın 14-dən 25-dək davam edən 72-ci Kann kinofestivalının baş mükafatını Cənubi Koreyadan olan rejissor Bong Joon-Ho qazanıb. Onun “Parazitlər” filmi favoritlər sırasında göstərilməsə də, meksikalı rejissor Alexandro Qonsales İnarritunun sədrlik etdiyi jüri tərəfindən rəğbətlə qarşılanıb.

“Qızıl palma budağı”nı qalib rejissora məşhur fransalı aktrisa Katrin Denev təqdim edib. Ekran əsəri iztirablar içində yaşayan yoxsul bir Koreya ailəsindən bəhs edir.

“Gümüş palma budağı” – jürinin Qran-pri mükafatı isə fransalı gənc rejissor Mati Diopun “Atlantika” filminə verilib.

 Fransız Ladj Linin “Səfillər” və braziliyalı rejissorlar Kleber Mendosa və Xuliano Dornelessin “Bakurau” filmləri jürinin xüsusi mükafatını qazanıb.

Ən yaxşı qadın roluna görə mükafat Emili Biçemə, kişi roluna görə isə Antonio Banderasa verilib. Belçikalı Dardenne qardaşlarının “Gənc Əhməd” filmi “Ən yaxşı rejissor işi” mükafatı ilə təltif olunub.

İLONA