İspaniyanın Alkala de Enares Universitetində “Erasmus+” proqramı üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən bu ölkədəki səfirliyimizin dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar tədbir təşkil olunub.
Tələbələr Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandıraraq, diqqətə çatdırıblar ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.
Tədbir zamanı yaradılmış guşədə ölkəmizin mədəniyyəti, gəzməli-görməli yerləri ilə bağlı materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, səfirlik tərəfindən çap etdirilmiş buklet və İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının təqdimatı keçirilib. İştirakçılara milli şirniyyatlarımız və Azərbaycan çayı təqdim olunub.