“Siyasi Repressiya Qurbanları Muzeyi”nin açılış mərasimi keçirildi
Mayın 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi Repressiya Qurbanları Muzeyi”nin açılış mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və digər rəsmilər, ədəbiyyat, elm xadimləri, Milli Məclisin deputatları iştirak edirdi.
Tədbirdə çıxış edən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev bildirdi ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində belə bir muzeyin yaradılmasında məqsəd repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında bugünkü və gələcək nəsillərin düzgün məlumatlandırılmasıdır. Vurğulandı ki, ötən əsrin 20-ci illərindən başlayaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hisləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada belə bir muzeyin yaradılması tarixin tələbidir: “Bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurulub, görkəmli ziyalı və mütəfəkkirlər, elm və mədəniyyət xadimləri məhv edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev xalqımızın tarixində dərin kədər hissi ilə yad olunan repressiya qurbanlarının xatirəsinə həsr olunmuş muzeyin açılmasının önəmini qeyd etdi: “Xalqımızın tarixində böyük qəhrəmanlıqlarla yanaşı, bu cür faciələr də var. Belə ağrılı hadisələri özündə əks etdirən muzeylər tarixdən örnək götürməyə sövq edir”.
Diqqətə çatdırıldı ki, 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bu barədə geniş məlumatların yayılmasına qadağa qoyulmuşdu. Müstəqillik illərində – 15 mart 1996-cı il tarixində ümummilli lider Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” qanunda bu hadisələrə hüquqi qiymət verildi.
Nazir qeyd etdi ki, xalqımızın azadlığını, gələcəyini düşünən siyasi xadimlər, ədiblər bu repressiyanın qurbanı olublar. Hər bir dövlətin, xalqın bacarığı və qüdrəti ondan ibarətdir ki, öz keçmişinə ehtiramla yanaşsın, qiymət versin, tarixini gənc nəslə tanıtsın. Muzey aktiv fəaliyyət göstərməli, xüsusilə şagirdlər, tələbələr buranı tez-tez ziyarət etməlidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev çıxış edərək 1920-ci ildən başlayan siyasi repressiyaların acı nəticələrindən danışdılar. Vurğulandı ki, siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları olub. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarına qarşı repressiyaların təşkilində o dövrdə müvafiq orqanlarda məsul vəzifələr tutmuş erməni əsilli şəxslərin böyük rolu olub.
Çıxışlardan sonra tədbir iştirakçıları muzeylə tanış oldular. Məlumat verildi ki, muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Tarix İnstitutu tərəfindən də kömək göstərilib. Bir sıra sənədlər Rusiya arxivlərindən, Qazaxıstanın “ALJİR” (“Vətən xainləri qadınlarının Akmola düşərgəsi”) siyasi repressiya muzeyi tərəfindən təqdim olunub.
Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib. Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Növbəti lövhədə Azərbaycan ziyalılarının məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur. Əsas zalda yerləşdirilən lövhələrdən biri də repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Cümhuriyyət dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski, Qambay Vəzirov və başqaları haqqında məlumat və fotoşəkillər verilib.
Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla necə qəddarcasına davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində azadlığa can atmanı simvolizə edən kompozisiyalar qurulub.
Muzeyin gələcək fəaliyyətində Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması, ekspozisiyaların yenilənməsi və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Fariz HÜSEYNOV