Ənənəvi “Sabir poeziya günləri”ndə söz ustadının yaradıcılığına nəzər salındı

Uzun illərdir böyük satirik şair, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının ildönümü münasibətilə ənənəvi poeziya günləri təşkil olunur.

Mayın 30-da Şamaxı rayon Mədəniyyət evində ənənəvi “Sabir poeziya günləri”nin açılış mərasimi keçirilib. Tanınmış ədəbiyyat və mədəniyyət xadimləri şairin məzarını ziyarət ediblər. Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında reallaşan tədbirdə Sabirin yaradıcılıq yoluna nəzər salınıb, Azərbaycan ədəbi fikrinin inkişafında xidmətlərindən söz açılıb.

Mayın 31-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sabir poeziya günləri”nin bağlanış mərasimi keçirildi. Gecədə ədəbiyyat, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirin aparıcısı, şair, publisist Əjdər Ol Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında məlumat verdi: “Yarım əsrdən çoxdur “Sabir poeziya günləri” keçirilir. Sabir böyük ideallar, hürriyyət şairi idi. O, klassik ədəbiyyatımızda insani dəyərləri təbliğ edən ən önəmli şairlərimizdən biri olub. Bu mənada mən deyərdim ki, Sabir sanki bizim çiynimizdə oturmuş bir “mələk”dir”.

Tənqidçi Əsəd Cahangir şairin təxəllüsü ilə bağlı fikirlərini bölüşdü: “Atası ona Həzrət Əlinin adını qoymuşdu. Amma o, Allahın mübarək isimlərindən birini özünə ad götürdü. Sabirin timsalında Azərbaycan şeiri özünün minillik səbir etmək  qabiliyyətini nümayiş etdirdi. O, həqiqət axtarırdı. Bu həqiqəti “qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” deyən Nizami elmdə, ağılda və idrakda görürdü. “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən Nəsimi bu həqiqəti insanın simasında axtarırdı. Bütün bu axtarışların son nəticəsi Sabirin poeziyasında cəm oldu. Sanki bütün çaylar axıb birləşərək bir ümmana toplaşdı”.

Xalq şairi Ramiz Rövşən tədbirdə çıxış edərək Sabirin söz sənətindəki yerini yüksək qiymətləndirdi: “Mən 1987-ci ildə verdiyim müsahibədə qeyd etmişdim ki, Füzuli, Sabir kimi böyük şairlərin dünyaya gəlişi ədəbiyyat hadisəsindən daha çox təbiət hadisəsinə bənzəyir. Sabirin “Molla Nəsrəddin” jurnalında çap olunan şeirləri ilə Azərbaycan ədəbiyyatı ikinci bir Şamaxı “zəlzələ”si yaşadı. Bu “zəlzələ”nin təsiri birinci zəlzələdən qat-qat böyük idi və bütün türk dünyasına yayıldı. Mən XX əsr türk ədəbiyyatında poeziyanı kökündən dəyişən iki inqilabçı şair tanıyıram. Bunlardan biri Nazim Hikmət, digəri isə Mirzə Ələkbər Sabirdir”.

Tədbirin sonunda Beynəlxalq Muğam Mərkəzinin solistləri Elgiz Əliyev, Almaxanım Əhmədli şairin şeirləri üstündə muğamlarımızı ifa etdilər. Xalq artisti Cəfər Namiq Kamal Sabir poeziyasından nümunələri səsləndirdi.

Nurəddin MƏMMƏDLİ